Zaqreb “Dinamo”su bizə yaxşı tanışdır.
İdman.biz xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin üç mövsüm oynadığı klub “Qarabağ”ın da yayda Çempionlar Liqasına gedən yolunu kəsib.
Liqa mərhələsinin ilk turunda “Bavariya”ya 2:9 hesablı rekord məğlubiyyətdən sonra autsayderlər arasında yer alacağı gözlənilsə də, “Dinamo Zaqreb” ondan sonra uduzmur. Evdə “Monako” ilə heç-heçə edib (2:2), Avstriyada “Zalsburq”a qalib gələn (2:0) Xorvatiya təmsilçisi dünən də Slovakiyada “Slovan”dan güclü olub – 4:1.
İndi Zaqreb “Dinamo”su yeddi xalla 14-cü yerdədir və yalnız mənfi top fərqinə görə onunla eyni xala malik 7-ci yerdəki “Mançester Siti”, həmçinin “Yuventus” və “Bayer Leverkuzen” kimi komandalardan geri qalır.
UEFA Çempionlar Liqası liqa mərhələsinin 4-cü turu dünən keçirilən doqquz oyunla start götürüb.
“Dinamo Zaqreb”in böyükhesablı qələbəsindən başqa, “Liverpul”un “Bayer Leverkuzen”ə 4:0 hesabı ilə qalib gələrək 12 xalla təkbaşına liderliyə yüksəlməsi diqqəti çəkir.
“Real”ın İspaniyada “Milan”a uduzmasını (1:3), “Mançester Siti”nin də topa sahibolmada böyük üstünlüyünə baxmayaraq (73 % - 27 %), Portuqaliyada “Sportinq”ə 1:4 hesabı ilə məğlub olmasını günün ən gözlənilməz nəticələri saymaq mümkündür.
“Şturm”a qalib gələn (1:0) “Borussiya Dortmund”un baş məşqçisi Nuri Şahin Bundesliqa yaradılandan bəri ilk yeddi ev oyununda qələbə sevinci yaşayan “sarı-qaralar”ın ilk çalışdırıcısı kimi tarixə düşüb.
Bu gün keçiriləcək daha doqquz oyunla UEFA Çempionlar Liqası liqa mərhələsinin 4-cü turuna yekun vurulacaq.
Tur ərəfəsində lider olan “Aston Villa” yenidən 1-ci pilləyə yüksəlmək üçün Belçikada üç xallı “Brügge”yə azı dörd top fərqilə qalib gəlməlidir.
Digər oyunlardan 8-ci yerdəki “İnter”lə 9-cu “Arsenal”ın qarşılaşması daha çox maraq doğurur. Bundan əvvəl uzaq 2003-cü ildə üz-üzə gələn rəqiblərin o vaxtkı oyunlarında qeyri-adi nəticələr qeydə alındığını da xatırladaq: İngiltərədə “İnter” 3:0, İtaliyada isə “Arsenal” 5:1 hesabı ilə qalib gəlmişdi.
PSJ-nin hazırda Çempionlar Liqasında 23-cü, Madrid “Atletiko”sunun isə 28-ci yerdə qərarlaşmalarını gözlənilməz saymaq olar. Fransada qarşılaşcaq bu komandalardan biri qələbə qazanmaqla öz mövqeyini yaxşılaşdıra bilər.
“Bavariya”nın 25-ci pillədə yer alması da təəccüb doğurur. Almaniya təmsilçisi öz meydanında heç vaxt uduzmadığı “Benfika” ilə 13-cü qarşılaşmada onuncu qələbəsini qazanmağa çalışacaq.
Favoritlərdən “Barselona” da Serbiyada “Srvena Zvezda”ya qalib gəlib ilk “səkkizliy”ə düşməyi hədəfləyir.
Rasim
İdman.biz