Azərbaycan millisinin futbolçusu Mahir Emreli ölkə çempionatlarındakı qol sayını 75-ə çatdırıb.
İdman.biz xəbər verir ki, yubileyini Almaniyanın 2-ci Bundesliqasında rəsmiləşdirən hücumçu “Nürnberq”in “Hamburq”la səfər oyununda fərqlənib.
27 yaşlı forvard 1:1 hesabı ilə başa çatan görüşdə qol sevinci yaşayıb. Mahir 5 fərqli ölkənin çempionatında ümumilikdə 75 qol vurub.
O, Azərbaycan Premyer Liqasında 59 dəfə sevinib. Mahir bunların hamısına “Qarabağ”da nail olub.
Forvard Xorvatiya çempionatında 9, Almaniyanın 2-ci Bundesliqasında 3, Polşa və Türkiyə liqalarının hərəsində 2 dəfə rəqib qapısına yol tapıb. O, Zaqreb “Dinamo”su, “Nürnberq”, “Legiya” və “Konyaspor”dakı legioner həyatında çempionatda 16 qola imza atıb.
Qeyd edək ki, Emreli “Nürnberq”dəki 6 çempionat matçında 3 dəfə fərqlənib.
Vüqar Xeyrullayev
İdman.biz