Arif Əsədov: “Tottenhem”dən çəkinməyəcəyik”

Xəbərlər
26 Sentyabr 2024 12:37
769
Arif Əsədov: “Tottenhem”dən çəkinməyəcəyik”

“Bugünkü rəqib qrupun favoriti hesab olunur”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin ilk turunda “Tottenhem”lə keçirəcəyi oyunu şərh edib. Əsədov bildirib ki, rəqibin dünyanın ən güclülərindən hesab olunan İngiltərə Premyer Liqasında çıxış etməsini unutmamalıyıq: “Sürətli və dinamik futbol baxımından çox seçilirlər. Ona görə bu gün “Qarabağ”ı çətin oyun gözləyir. Matçın startından çox şey asılıdır. İlk dəqiqələrdən Ağdam təmsilçisi təzyiqlə üzləşə bilər. Bu, həm azarkeş dəstəyi, həm də “Tottenhem”in qol istəyi ilə bağlı olacaq”.

Onun sözlərinə görə, ilk 10-15 dəqiqə ərzində “Qarabağ”ın bu təzyiqdən çıxa bilməsi çox vacibdir: “Təbii ki, xal götürmək asan deyil. Lakin “Köhlən atlar” rəqibin qol vurmasının qarşısını ala bilsə və bu ərəfələrdə əks-hücumlarda ingilisləri yaxalayıb hansısa təhlükəli epizodlar yaratsa, xeyrimizə işləyə bilər. Biz buna “Bayer”ə qarşı mübarizədə şahidi olmuşuq. İlk dəqiqələr təmsilçimiz üçün çətin olsa da, sonradan yavaş-yavaş öz oyununu sərgiləyir. Fikrimcə, rəqibdən çəkinməyəcəyik. Azərbaycan təmsilçisinin bu baxımdan təcrübəsi kifayət qədər var. “Tottenhem” 10 il bundan qabaq oyunçuların keyfiyyəti baxımından daha güclü idi. Məşqçi faktoru da böyük rol oynayırdı. Düşünürəm ki, əvvəlki keyfiyyət qalmayıb. Ümid edirəm ki, ən azı bir xalla Vətənə geri dönə bilərik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Tottenhem” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Banuçiçək Hüseynli
İdman.biz