Təxminən bir ay sonra 70 yaşını qeyd edəcək Fernandu Santuş karyerasında ən uğursuz nəticəyə imza atıb. Belə ki, portuqaliyalı mütəxəssis Azərbaycan millisindəki işinə 2 məğlubiyyətlə başlayıb.
İdman.biz xəbər verir ki, məşqçilik karyerasına 1987-ci ildə start verən Fernandu Santuş daha əvvəl Yunanıstan, Portuqaliya və Polşa millilərini çalışdırıb. Amma onun həmin komandalarda ilk iki oyunu belə uğursuz olmayıb.
O, 2010-cu ildə Yunanıstan yığmasındakı işinə qələbə və heç-heçə, 2014-cü ildə Portuqaliya və 2023-cü ildə Polşa komandalarındakı fəaliyyətinə isə məğlubiyyət və qələbə ilə başlayıb. Bu komandalarda nəinki startda, ümumiyyətlə, karyerası ərzində ardıcıl iki məğlubiyyətin nə olduğunu bilməyib.
Maraqlıdır, Fernandu Santuş Yunanıstan çempionatının onillikdə (2000-2010) ən yaxşı məşqçisi seçilməsi və Portuqaliya ilə Avropa çempionu olması (2016) ilə qazandığı nüfuzu Azərbaycan millisində qoruya biləcəkmi? Təəssüf ki, ilk oyunların nəticələri bu sualın cavabı ilə bağlı nikbin düşünməyə əsas vermir.
Rasim
İdman.biz