Rekordun bir addımlığında – TƏHLİL

Təhlil
21 Avqust 2024 11:00
663
Rekordun bir addımlığında – TƏHLİL

“Qarabağ”ın avrokuboklardakı qol seriyası qırılıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” ilə Zaqrebdəki səfər matçında rəqib qapısına yol tapmayıb.

Qurban Qurbanovun yetirmələri bundan əvvəlki 10 görüşdə qol sevinci yaşamışdı. Bu uğurlu seriya ötən mövsümdə start götürüb.

Avropa Liqasının qrupunda “Molde” (2:2) və “Hakken” (2:1), pley-offunda “Braqa” (4:2, 2:3), 1/8 finalında “Bayer” (2:2, 2:3) “Qarabağ”ın hücumlarının qarşısını ala bilməyib. Cari mövsüm Çempionlar Liqasında “Linkoln” (2:0, 5:0) və “Lüdoqorets” (1:2, 7:2) də qapısını toxunulmaz saxlamağı bacarmayıb.

Ardıcıl 10 oyunda qol vuran “Qarabağ” bu matçlarda ümumilikdə 28 dəfə rəqib qapısına yol tapıb. Təmsilçimiz sonuncu dəfə 2023-cü il noyabrın 9-da qol vurmamışdı.

Onda “Bayer” Bakıda 1:0 hesabı ilə qalib gəlib. Ağdamlılar 285 gündən sonra meydanı qolsuz tərk edib.

Bu, Azərbaycan futbol tarixində 2-ci seriyadır. “Qarabağ” özünün sahibi olduğu rekordu təkrarlaya bilməyib.

Qurbanovun yetirmələri elə həmin “Bayer”lə görüşdə qırılan seriya ilə rekorda malikdir. 2023-cü ildə ardıcıl 11 görüşdə qol vuran komanda leverkuzenlilərə Bakıda uduzub.

Bir sözlə, Azərbaycan çempionu son 23 qarşılaşmada iki dəfə qol vurmayıb və 2 seriyaya imza atıb. “Bayer”ə qədər 11, sonra 10 matçlıq seriya qeydə alınıb.

2023-cü ilə qədər isə rekord “Neftçi”də olub. Bakılılar 2019-21-ci illərdə ardıcıl 10 qarşılaşmada qol vurub ki, “Qarabağ”ın indiki seriyası həmin nəticənin təkrarıdır.

Qeyd edək ki, Azərbaycan çempionu “Dinamo” ilə cavab oyununu avqustun 28-də keçirəcək.

Vüqar Xeyrullayev
İdman.biz