UEFA Gənclər Liqasında mübarizə aparan Bakının “Sabah” futbol klubunun U-19 komandası üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən maarifləndirici seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, seminar zamanı futbolçulara dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, həmçinin 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlar barədə ətraflı məlumat verilib.

Görüşdə dopinqdən istifadənin insan sağlamlığına mənfi təsirləri, həmçinin idmançıların karyerasında yarada biləcəyi risklər diqqətə çatdırılıb. Gənc futbolçulara təmiz idman prinsiplərinə riayət etməyin və antidopinq qaydalarını bilməyin vacibliyi vurğulanıb.
Seminarın sonunda idmançıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
