Dambrauskas: “Bu axşam həqiqət anı olacaq”

10 Sentyabr 2026 14:01
77
Dambrauskas: “Bu axşam həqiqət anı olacaq”

“Sabah” futbol komandasının baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”lə keçiriləcək oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis “Sky Sports News” müxbiri Danyal Xana müsahibəsində rəqiblə taktiki və fiziki baxımdan müqayisə aparmağın doğru olmadığını bildirib.

“Düşünmürəm ki, özümüzü “Mançester Yunayted”lə taktiki və ya fiziki baxımdan müqayisə etməliyik. O, “Mançester Yunayted”dir və mənim fikrimcə, dünyanın ən böyük klubudur”, -Dambrauskas söyləyib.

Mütəxəssis komandasının Çempionlar Liqası təcrübəsinin az olduğunu da vurğulayıb:

“Komandamda yalnız bir futbolçunun Çempionlar Liqasında oynamaq təcrübəsi var. Buna görə də indi onlara necə müqavimət göstərəcəyimizi və ya onları necə üstələyə biləcəyimizi təxmin etməyin mənası yoxdur”.

Baş məşqçi qarşılaşmanı “Sabah” üçün həqiqət anı adlandırıb:

“Bu gün həqiqət anı olacaq. Nəyə qadir olduğumuzu, rəqibə mübarizə təklif edə biləcəyimizi və təşəbbüsü öz əlimizə almağı bacarıb-bacarmayacağımızı görəcəyik. Bu axşam bir çox sualın cavabını alacağıq”.

Xatırladaq ki, bu gün “Sabah” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək. Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə “Mançester Yunayted”lə üz-üzə gələcək. “Old Trafford” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman.Biz