Ayxan Abbasov Azərbaycan futbolunun əsas problemini açıqladı

26 Oktyabr 2026 15:33
112
Ayxan Abbasov Azərbaycan futbolunun əsas problemini açıqladı

“Əsas qələbə idi, bu gün qələbə qazandıq. Qrupdakı vəziyyətimizi yaxşılaşdırdıq. Uşaqlar da yaxşı oynadılar. Görünür ki, ilk oyundan fərqli çıxış etdilər, çünki ilk matçda daha çox həyəcanlı idilər”.

Bunu Azərbaycan futbol millisinin baş məşqçisi Ayxan Abbasov FIFA U-15 dünya çempionatının qrup mərhələsində yığma komandanın İsraillə (3:1) oyundan sonra deyib.

O, millinin çıxışını dəyərləndirərək bu turnirdə iştirakın gənc futbolçular üçün böyük təcrübə olduğunu bildirib.

“Əsas odur ki, bu turnirdə iştirak edək, təcrübə qazanaq, fərqli ölkələri görək. Dediyim kimi, bu, həmin uşaqların karyerasında böyük bir məqam olacaq. 15 yaşında dünya çempionatında iştirak etmək həmişə yaddaşlarında qalacaq”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Ayxan Abbasov bu nəslin futbolçularının fiziki inkişafı barədə də fikirlərini bölüşüb. O, bu yaşda oyunçuların fiziki göstəriciləri haqqında qəti fikir söyləməyin tez olduğunu vurğulayıb:

“Ölkələrə baxsanız, məsələn, Uruqvay komandasını izlədim. Onlar da bizim kimi fiziki cəhətdən yaxşıdırlar. Burada yaxşı komandalar çoxdur. Bu yaşda tam fikir söyləmək olmaz. Bilirsiniz ki, uşaqların inkişaf dövrü 17-19 yaşa qədər dəvam edir. Bu göstəricilər dəyişəcək. Bugünkü vəziyyətlə kifayətlənib hansısa qərar verə bilmərik. Çünki futbolçuların fiziki göstəriciləri 19-20 yaşa qədər dəyişir”.

Mütəxəssis yeniyetmə futbolçuların peşəkar səviyyəyə yüksəlməsi üçün əsas diqqətin 17-19 yaş aralığına yönəldilməli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda məhz bu yaş dövründə bir sıra problemlər ortaya çıxır:

“Mən 15-16 yaşdan çox, 17-19 yaş aralığını qeyd edərdim. Azərbaycanda bu yaşda problem var. Çünki həmin dövr keçid mərhələsidir. Məktəbi bitirmək, ali məktəbə daxil olmaq, hərbi xidmət kimi məsələlərə görə bir çox futbolçu karyerasını davam etdirə bilmir”.

Baş məşqçi bu mərhələdə klubların üzərinə böyük məsuliyyət düşdüyünü və istedadlı oyunçulara fərdi yanaşmanın vacibliyini qeyd edib:

“Bu məsələdə klubların üzərinə iş düşür. Bu gün ən çox nəyə önəm verməliyik? Potensialı və istedadı olan futbolçulara fərdi yanaşmalıyıq. Klublar bu istiqamətdə çox çalışmalıdırlar ki, potensiallı futbolçularımızı itirməyək. Həqiqətən, bu gün yaxşı müdafiəçilərimiz var, hücumçumuzun da boyu çox yaxşıdır. Belə futbolçuları itirməməliyik, çünki onların sayı azdır. Gələcəkdə milli komandaya daha çox namizəd yetişdirmək üçün hər klubda 200 futbolçu yetişdirmək lazımdır”.

İdman.Biz