Dünya futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri olan “Qızıl top”un təqdimetmə mərasimi hər il futbol ictimaiyyətinin diqqətini cəlb edir. Azərbaycanlı azarkeşlər də dünya futbolunun əsas hadisələrindən birini izləmək istəyirlər.
İdman.Biz bununla əlaqədar “Qızıl top”un 70-ci təqdimetmə mərasimini yayımlamaq ehtimalı olan CBC Sport, İctimai TV və İdman TV telekanalları ilə əlaqə saxlayıb.
Araşdırma zamanı məlum olub ki, bu telekanallardan heç biri dünya futbolunun əsas tədbirlərindən birini canlı yayımlamağı planlaşdırmır. UEFA-nın rəsmi saytında mərasimin Azərbaycanda yayım hüquqlarının rəsmi distribütoru kimi “Quest Media” göstərilsə də, görünür, yerli telekanallardan heç biri yayım hüququnu əldə etməyib.
Beləliklə, hazırkı məlumata əsasən, mərasimi Azərbaycanda televiziya vasitəsilə rəsmi yayımdan izləmək mümkün olmayacaq.
Qeyd edək ki, “Qızıl top”un 70-ci təqdimetmə mərasimi Londonun “London Palladium” teatrında keçiriləcək. Tədbirin Bakı vaxtı ilə oktyabrın 27-nə keçən gecə saat 23:59-da başlaması planlaşdırılır.
