Avropanı “topa tutan”lar – TƏHLİL

Təhlil
17 Avqust 2024 12:34
830
Avropanı “topa tutan”lar – TƏHLİL

Azərbaycan klubları avrokubokların 2024/25 mövsümündə görünməmiş məhsuldarlıq nümayiş etdirir.

İdman.biz xəbər verir ki, təmsilçiərimiz ilk üç təsnifat mərhələsində 33 qol vurub.

“Qol yağışı”nın əsas səbəbkarı “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında “Linkoln”a (2:0, 5:0) yeddi, “Lüdoqorets”ə (1:2, 7:2) səkkiz qol vurub.

“Zirə” də tarixinin ən yaxşı mövsümündə hücumda özünü yaxşı göstərib. Avropa Liqasında “Şerif”ə (1:0, 1:2) iki qol vuran təmsilçimiz Konfrans Liqasında “Dunayska Streda”nı (4:0, 2:1) altı, “Osiyek”i (1:1, 2:2) üç dəfə məyus edib.

“Qarabağ”ın 15, “Zirə”nin 11 qoluna Konfrans Liqasındakı digər komandalarımız qoşulub. “Sabah” Hayfa “Makkabi”sinə (3:0, 3:6) altı, “Sumqayıt” “Fehervar”a (1:2, 0:0) bir dəfə “mərkəzdən başla” deyib. Yalnız “Sabah”la görüşən “Sent Patriks” (0:1, 0:1) qapısını toxunulmaz saxlayıb.

Avropanı “topa tutan” komandalarımız bununla da tarixinin rekorduna imza atıb. Təmsilçilərimiz indiyədək heç vaxt pley-offa qədər 33 qol vurmayıb. Bu 33 qol isə cəmi 16 matçda qeydə alınıb. Orta məhsuldarlıq da “2”ni keçib – 2,06.

Əvvəlki rekord ötən mövsüm qeydə alınmışdı. Həmin vaxt klublarımız 30 qola sevinib.

Ümumiyyətlə, əsas mərhələlərə qədər mütləq rekord elə 33-ə bərabərdir. 2023/24 mövsümündə təmsilçilərimiz yayda bu qədər qol vurub. İndi isə yayın rekordu da təkrarlanıb. Pley-offdakı 4 matçda 1 qol bu göstəricinin yenilənməsi ilə nəticələnəcək.

Qeyd edək ki, pley-offda “Qarabağ” Zaqreb “Dinamo”su, “Zirə” Kipr “Omoniya”sı ilə görüşəcək. Sonuncular Konfrans Liqası, ağdamlılar Çempionlar Liqasında Liqa mərhələsinə düşmək üçün mübarizə aparacaq.

Vüqar Xeyrullayev
İdman.biz