Tarixin 5-cisi - TƏHLİL

Təhlil
16 Avqust 2024 11:11
914
Tarixin 5-cisi - TƏHLİL

"Zirə" tarixində ilk dəfə avrokubokların pley-offuna yüksəlib.

İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Konfrans Liqasında buna nail olub.

Qəsəbə təmsilçisi Azərbaycan futbolu tarixində bu mərhələyə yüksələn 5-cü komandadır. "Qartallar"a qədər ölkəmizin 4 klubu belə uğura imza atıb.

21-ci pley-off

"Qarabağ" artıq 14-cü dəfə pley-off oynayacaq. "Neftçi"nin 3 belə nəticəsi var. "Qəbələ 2, "Bakı" 1 dəfə bu raundda mübarizə aparıb. Ümumilikdə isə "Zirə" ölkəmiz üçün pley-offa 21-ci vəsiqəni əldə edib.

15 il əvvəl

Pley-offda oynayacağı dəqiqləşən ilk komandamız da "Bakı" olub. Paytaxt təmsilçisi 15 il əvvəl - 2009/10 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində uduzmaqla Avropa Liqasının pley-offuna düşüb. Elə həmin mövsüm "Qarabağ" da Avropa Liqasının pley-offuna qədər irəliləməyi bacarıb.

"Qarabağ"ın hegemonluğu

Ağdam klubu əvvəlki 13 cəhdin 10-da qrupa düşüb. "Qəbələ" hər iki pley-offdan üzüağ çıxıb. "Neftçi" üç imkandan birindən yararlanıbsa, "Bakı" bu səddi keçə bilməyib.

İkisi birdən

Tarixdə 6-cı dəfə eyni mövsümdə iki təmsilçimiz pley-offda oynayacaq. "Qarabağ"la "Zirə" Liqa mərhələsinə düşməyə çalışacaq. İlk belə hadisə 2009/10 mövsümündə yaşanıb. "Bakı" və "Qarabağ" Avropa Liqasının pley-offunda mübarizə aparıb. 2015/16 və 2016/17 mövsümlərində "Qarabağ"la "Qəbələ" bu mərhələdə cütlük təşkil edib. "Qarabağ"la "Neftçi" isə 2014/15 və 2021/22 mövsümlərində pley-offda birgə çıxış edib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında Zaqreb "Dinamo"su, "Zirə" isə Konfrans Liqasında "Omoniya" ilə görüşəcək.

Vüqar Xeyrullayev
İdman.biz