"Hər iki komanda əlindən gələni edəcək. Çətin oyun olacaq".
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının lll təsnifat mərhələsində "Osiyek"lə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.
O, öncə Çempionlar Liqasında pley-offa yüksələn "Qarabağ"ı təbrik edib, avqustun 15-də Konfrans Liqasında oynayacaq "Sabah"a uğurlar arzulayıb. Sadıqov bildirib ki, komandasını da avrokubokda heç də asan keçməyəcək qarşılaşma gözləyir: "Vacib oyuna çıxacağıq. Hər iki komandanın heyətində iddialı futbolçular var ki, nəticə onların xeyrinə olsun. Nəyin necə olacağını zaman göstərəcək. Meydanın yaxşı vəziyyətdə olmaması üzücüdür. Vəziyyət daha da pisdir. Bu da texnikalı oyun nümayiş etdirmək üçün mane törədə bilər".
- "Qarabağ"ın oyununa kollektiv şəkildə baxmısız. Həmin qələbə "Zirə"yə necə təsir etdi?
- Hamı oyuna baxıb. Azərbaycan çempionu təcrübəli klub üzərində möhtəşəm qələbə qazanırsa, bu da bizim futbolçularımızda inam yarada bilər. Amma yenə də hər şey öz aramızdakı dueldə həll olacaq.
- Həm Premyer Liqada, həm də Konfrans Liqasında yaxşı çıxış edirsiz. Rəşad Sadıqov bu mövsüm qarşısına nə kimi hədəflər qoyub?
- Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq tezdir. Komanda olaraq qarşımıza bu mərhələni keçməyi hədəf kimi qoymuşduq. Neçə mərhələni hələ bilmirik. Hazırda yalnız sabahki matçı düşünürük. Bu görüş məşqçilər və futbolçular üçün çox önəmlidir. Qarşımızda çox yaxşı komanda olacaq. Əlimizdən gələni edib, qələbə qazanmaq üçün çalışacağıq. Çempionatda da klub rəhbərliyi heç vaxt qarşımıza böyük hədəflər qoymur. Əsas futbolçuların və komandanın keyfiyyətidir. Bu səbəbdən Premyer Liqaya da uğurlu başlamışıq və ən azından avrokuboklarda yenidən çıxış etmək istəyirik. İlk turdan hiss olunur ki, bir çox klublar bu mövsüm daha iddialıdırlar.
- Mərhələni keçsəz yeni transfer olacaq?
- Bu barədə düşünmürük. Əsas məsələ sabahki oyundur. Heç kimlə maraqlanmırıq.
- Komanda daxilində sabahki oyunla bağlı narahatlığınız varmı?
- Yoxdur. Səfərdə olsaydıq, narahat olardıq. "Şerif"lə və ya başqa komanda ilə oyunda bu var idi. Onlar bizim, biz də onların hər bir səhvindən istifadə edə bilərik. Sabahki qarşılaşmaya özümüzü düzgün şəkildə kökləyə bilərik.
- Salifi Sunanın cəzası bitdi. "Osiyek"lə oyunda ona şans verəcəksiz?
- Heyətlə bağlı danışa bilmərəm. Sevindirici haldır ki, cəzası bitdi. Sabah ilk dəqiqədən də, sonradan da oyun daxil ola bilər. Əlimizdən gələni edəcəyik ki, görüşə optimal heyətlə çıxaq. Sabah bizi ağır gün gözləyir.
- İki ağır oyundan sonra futbolçuların hazırki vəziyyəti sizi qane edir?
- Dünən futbolçularım tam istirahət etdilər. "Sabah"la matçdan sonra iki hazırlıq keçmişik. Bu gün tam hazırlaşacağıq. Bu gün tam biləcəm ki, nə vəziyyətdədirlər.
- İlk oyundan sonra rəqibi yenidən analiz etmisiz?
- Təbii ki, etmişik. Oyunumuzda da hansısa çatışmazlıqlar olubsa, çalışacağıq ki, hamısını aradan qaldıracağıq.
- Meydançaların bu vəziyyətdə olmasının günahı kimdir? Klub olaraq haqqınızı tələb edə bilirsiniz?
- Təəssüf ki, biz öz meydançamızda oyun keçirdə bilmirik. Buranı icarəyə götürürük və ona görə də nəsə tələb edə bilmirik. Meydançanı vəziyyəti "Şerif"lə matçda texnikalı futbol göstərməyə imkan vermirdi. Qeyd etdiyiniz amil çox təəssüfedicidir. Bu qədər maliyyə dəstəyi ayrılsa da, meydançaların vəziyyəti acınacaqlıdır. Ümid edirəm ki, bu amil bizə mənfi təsir göstərməyəcək.
Qeyd edək ki, matç avqustun 15-də saat 20:30-da "Dalğa Arena"da keçiriləcək. Xorvatiyada baş tutan oyun 1:1 hesabı ilə bitib.
Banuçiçək Hüseynli
İdman.biz