İnfantino FIFA-da islahatlarla bağlı məsləhətləşmələr təklif edib

22 Sentyabr 2026 00:57
41
İnfantino FIFA-da islahatlarla bağlı məsləhətləşmələr təklif edib

FIFA prezidenti Canni İnfantino qurumun qərarların qəbul edilməsi prosesində yeniliklər edilməsi ilə bağlı üzv federasiyalarla məsləhətləşmələr aparmağı təklif edib.

İdman.Biz AFP-ə istinadən xəbər verir ki, bu barədə 211 üzv assosiasiyaya ünvanlanan məktubda bildirilib.

“Mən Şuraya FIFA-da qərarların qəbul edilməsi prosesinin necə daha da gücləndirilə biləcəyi barədə konfederasiyalar, üzv assosiasiyalar və müvafiq maraqlı tərəflərlə birbaşa, strukturlaşdırılmış və vaxtı məhdudlaşdırılmış məsləhətləşmələr təşkil etməyi təklif edəcəyəm”, – deyə İnfantino məktubunda qeyd edib.

Daha əvvəl 56 yaşlı İsveçrə vətəndaşı kişi və qadınlar arasında dünya çempionatlarına özəl investisiyaların cəlb edilməsi ilə bağlı sonradan geri götürülmüş planına görə tənqidlərə məruz qalıb.

“İnfantinonun sözlərinə görə, məsləhətləşmələr çərçivəsində daha erkən institusional iştirak, prezidentin, Büronun, Şuranın və Konqresin müvafiq rolları, həmçinin irimiqyaslı strateji təşəbbüslərin həyata keçirilməsində şəffaflığın, iştirakın və hesabatlılığın gücləndirilməsinin praktiki yolları ilə bağlı konkret təkliflər istəniləcək.

İnfantino ilkin təkliflərin oktyabrın 15-də planlaşdırılan Şuranın iclasında nəzərdən keçirilməsini xahiş edib.

Qeyd edək ki, sentyabr ayında FIFA İnfantinonun gələn ilin martında keçiriləcək prezident seçkisində yenidən namizəd olacağını təsdiqləyib. Hazırda o, yeganə namizəddir.

İdman.Biz