"İlk hissədə kifayət qədər qol epizodları yaratdıq. Amma qola çevirə bilmədik"
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının II turunda "Səbail"lə (1:1) qeydə alınan heç-heçəni şərh edib: "Qol fürsətlərindən daha yaxşı istifadə edə bilsəydik, oyun tamamilə başqa cür alınardı. Bu matça görə heç bir futbolçuya irad bildirə bilmərəm, çünki hər kəs meydanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Biz başa düşürük ki, “Neftçi” hər görüşdə qalib gələrək, azarkeşlərinə qələbə sevinci yaşatmalıdır. Heç bir futbolçumun fanatlara hər hansı bir formada etiraz etməsinə isə haqq qazandıra bilmərəm. Qələbə qazanmaq istəyirsənsə, epizodları vaxtında qola çevirməlisən ki, sonda əziyyət çəkməyəsən”.
Qeyd edək ki, "Neftçi" mövsümün ilk oyununda da heç-heçə oynayıb.
İdman.biz