İqor Akinfeyev Mahmud Qurbanov, Qurban Qurbanov və Vaqif Cavadovu xatırladı – EKSKLÜZİV MÜSAHİBƏ

Müsahibə
25 Sentyabr 2023 13:20
524
İqor Akinfeyev Mahmud Qurbanov, Qurban Qurbanov və Vaqif Cavadovu xatırladı – EKSKLÜZİV MÜSAHİBƏ

Moskvanın MOİK klubunun kapitanı İqor Akinfeyevin İdman.biz saytına eksklüziv müsahibəsi

- İqor, ötən gün Rusiya Premyer Liqasında "Rostov"la oyunda 3 qol buraxdın. Onu necə şərh edərdiz?

- Bəli, 3:3 hesablı məhsuldar heç-heçə etdik. Sürətli oyun keçdi, zövq aldığım görüşlərdən biri oldu.

- MOİK 9 turdan sonra 13 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Sanki komandada eniş var...

- Orta və ya aşağı sıralarda olmaq ayıb bir şey deyil, sadəcə mən bununla barışa bilmirəm. Həmişə yüksək yerlər uğrunda mübarizə aparmışam, indi də məqsədim odur.

- Dünyada oyun sayına görə ən az qol buraxan 5 qapıçıdan birisiniz. Qorxmursunuz ki, hər oyun 3 qol buraxsanız rekordu əldən verə bilərsiz?

- Futbolu statistika üçün oynamıram.

- Bu mövsüm bir neçə oyun ehtiyatda qaldın, bunun səbəbi nə idi?

- Arada oyuna skamyadan da baxmaq lazımdır (gülür). Matça ehtiyatdan baxanda tamam başqa şeylər görürsən, analizin, düşüncən tam fərqli olur.

- Karyeranı nə zaman bitirmək fikrin var?

- Nə qədər ki, komandama xeyir verə bilirəm, sağlamlığım məni incitmir, o qədər futbol oynayacam.

- Dəfələrlə klubunu dəyişmək üçün şansların olub, amma dəyərləndirməmisən. Bunun səbəbi nədir?

- Avropanın ən güclü klublarından təklif gəlib, 2004/05 mövsümü mənim üçün çox uğurlu oldu. O zaman 8 böyük klubdan yaxşı təkliflər gəlmişdi. Lakin MOİK-i heç yerə dəyişmədim.

- Sadiqlik?

- Əlbəttə, hər yerdə, hər zaman sadiq olmaq lazımdır.

- Bəs, irəli getməyi, yeni hədəfləri üstün saymırsan?

- Düşünürəm ki, olduğumuz yerə töhfə verməliyik, hazır məhsulu hamı dərə bilər, məsələ onu yetişdirməkdir.

- Kolleksiyan genişdir?

- Hansı?

- Kubok, medal, forma...

- Kubok və medalların sayını bilirsiniz. Sevdiyim qapıçılarla isə formamı dəyişmişəm.

- Kimlərdən?

- İker Kasilyas, Canluici Buffon...

- Azərbaycandan danışaq, ölkəmizlə bağlı nə kimi xatirələrin var?

- Avropa Liqasının qalibi olanda startı Bakıdan götürdük (gülür).

- "Neftçi" - MOİK matçını necə xatırlayırsan?

- Hər iki oyun gözəl keçdi, insident yaşanmadı. Amma o zamanlar Azərbaycan - Rusiya görüşlərində nədəsənsə gərginlik olurdu. Bakıdakı oyun gözəl keçdi, hava da gözəl idi. Lakin top boş idi. Cavab oyunu Moskvada oldu, “Neftçi”yə 2:0 hesabla qalib gəldik.

- O zamanki "Neftçi"nin heyətində kimləri xatırlayırsınız?

- Adla deyə bilməyəcəm, amma 7 nömrə yadımda qalıb (Mahmud Qurbanovu nəzərdə tutur), bir də "Qarabağ"ın baş məşqçisi (Qurban Qurbanov).

- "Neftçi"nin indiki durumundan xəbəriniz var?

- Xeyr.

- "Qarabağ"ın baş məşqçisi dediniz, deməli, "Qarabağ"ın oyunlarına baxırsınız.

- Nadir hallarda izləyirəm, amma nəticələrdən xəbərim olur.

- Azərbaycan - Rusiya oyunları necə yadınızda qalıb?

- Moskvada həmişə qələbə qazanmışıq. Bakıdakı oyunlar gərgin keçib.

- Yığmamızın hücumçusu Vaqif Cavadovu xatırlamırsız?

- Cavadov Bakıdakı oyunlarda - 2009 və 2013-cü illərdə hər iki oyun 1:1 yekunlaşmışdı, qolları o vurmuşdu.

- Azərbaycan millisinin oyunlarını izləyirsən?

- Sözün düzü yox, amma bildiyim qədərilə nəticələri qənaətbəxş deyil.

- Rusiya futboluna qoyulan sanksiyalardan danışaq...

- Nə danışaq? İdmanı siyasətə qatmaq olmaz!

- Dünya futbolundan kənarda qalmaq necə hisslərdir?

- Heç də yaxşı hisslər deyil. Gənclər futbol oynamalıdır, idman bir mədəniyyətdir, futbol da idmanın şahı...

- Bu istiqamətdə arzun nədir?

- İstəyirəm hər şey öz yoluna düşsün, hər şey gözəl olsun...

Ağa Dadaşzadə

İdman.biz