Millimizin futbolçusu Renat Dadaşov Ukrayna klubunda - RƏSMİ + FOTO

10 Sentyabr 2026 10:42
116
Millimizin futbolçusu Renat Dadaşov Ukrayna klubunda - RƏSMİ + FOTO

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu transfer barədə açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, 27 yaşlı forvard Ukraynanın “Bukovina” komandasına keçib.

Çernovtsı təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, Dadaşovla birillik müqavilə imzalanıb. Saziş daha bir il uzadıla bilər.

Azərbaycan millisinin üzvü yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Dadaşov 17 may 1999-cu ildə Almaniyada anadan olub. O, futbol karyerasına “Vehen”, “Ayntraxt” və “Leypsiq” akademiyalarında başlayıb. Gənclər səviyyəsində 70-dən çox oyunda 42 qol vurub.

Peşəkar karyerasına 2018/2019 mövsümündə Portuqaliyanın “Eştoril” klubunda başlayan hücumçu daha sonra İngiltərənin “Vulverhempton” komandasına keçib. O, icarə əsasında “Pasuş-de-Ferreyra”, “Tondela” və “Qrasşopper”də çıxış edib.

Dadaşov “Qrasşopper”in heyətində 40 oyunda 10 qol vurub və beş məhsuldar ötürmə edib. Daha sonra Türkiyədə “Hatayspor” və “Ankaragücü”nün formasını geyinib.

Hücumçu 2025/2026 mövsümünü Polşanın “Motor” komandasında keçirib.

Renat Dadaşov Almaniyanın U-16 və U-17 yığmalarında ümumilikdə 21 matçda 17 qol vurub. O, U-17 millisinin heyətində 2016-cı il Avropa çempionatının yarımfinalçısı olub.

Dadaşov 2017-ci ildən Azərbaycan millisində çıxış edir. Hücumçu əsas yığmada keçirdiyi 45 oyunda yeddi qol vurub.

İdman.Biz