Polşanın “Rakuv” futbol komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə göstərilən sarı vərəqə ləğv edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Çenstoxova klubunun mətbuat katibi Damian Markovski bildirib.
Liqa Komissiyası “Rakuv”un “Lex”lə oyununda Mahir Emreli və Fran Tudora göstərilən sarı vərəqələri ləğv edib.
Klubun digər futbolçusu Lamin Diabi-Fadiqa isə “Qurnik”lə qarşılaşmada aldığı qırmızı vərəqəyə görə üç oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, “Rakuv” yeni mövsümə uğursuz başlayıb. Komanda Ekstraklasada keçirdiyi altı oyunun hamısında məğlub olub və hələ xal qazana bilməyib. Klub Avropa kuboklarında da mübarizəni dayandırıb.
Mahir Emreli bu mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 12 oyunda altı qol vurub və bir məhsuldar ötürmə edib.
Komandanın yeni baş məşqçisi Tomaş Kaçmarek ilk oyununa 11 sentyabrda “Motor”a qarşı çıxacaq.
