Siyasət Əsgərov: “Daha bir tarix yazmaq istəyirik”

Xəbərlər
11 İyul 2024 10:25
250
Siyasət Əsgərov: “Daha bir tarix yazmaq istəyirik”

“Sabah çox vacib oyuna çıxacağıq. Bundan öncə bir dəfə tarix yazmışıq”.

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Avropa çempionatının seçmə mərhələsinin Macarıstan yığmasına qarşı keçiriləcək oyunu ilə bağlı fikirlərini bildirib: “Pley-off mərhələsinə vəsiqə qazana biləriksə, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Məqsədimiz bunu reallaşdırmaqdır. Rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bilirik. Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz - Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər. Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, B liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan – Macarıstan görüşü iyulun 12-də saat 20:00-da başlayacaq. Millimiz seçmə mərhələnin son turunda iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

İdman.biz