“Fənərbağça”da süni intellekt dövrü başladı

5 Oktyabr 2026 04:32
87
“Fənərbağça”da süni intellekt dövrü başladı

Türkiyənin “Fənərbağça” futbol komandasında süni intellekt əsaslı məlumat analizindən istifadə olunmağa başlanılıb.

İdman.Biz xəbər verir ki, baş məşqçi İsmayıl Kartal milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən komandanın oyun modelini təkmilləşdirmək üçün yararlanır. Təcrübəli mütəxəssis bu məqsədlə süni intellekt dəstəkli xüsusi məlumat analizi şirkəti ilə əməkdaşlığa başlayıb.

Yeni sistem vasitəsilə həm “Fənərbağça”nın, həm də rəqiblərin oyunları daha detallı şəkildə təhlil olunur. Pressinqin effektivliyi, topun qazanıldığı zonalar, keçidlər, zərbələrin keyfiyyəti və futbolçuların meydandakı mövqeləri kimi bir sıra göstəricilər analiz edilir. Superliqadakı rəqiblərin oyun vərdişləri də öyrənilərək qarşıdakı matçlar üçün məlumat bazası hazırlanır. Kartalın məşqçilər korpusuna bu sahə üzrə mütəxəssisin də qoşulduğu bildirilir.

Baş məşqçinin xüsusi diqqət yetirdiyi digər istiqamət standart vəziyyətlərdir. Bu mövsüm belə epizodlardan vurduğu qollarla seçilən “Fənərbağça” yeni kombinasiyalar üzərində çalışır. Künc zərbələri zamanı fərqli qaçış marşrutları, ön və arxa dirəyə ötürmələr, eləcə də ikinci toplardan istifadə üçün yeni variantlar hazırlanır.

Kartalın məqsədi fasilədən sonra daha ölçülə bilən, rəqibə uyğunlaşa bilən və taktiki baxımdan daha çevik “Fənərbağça” formalaşdırmaqdır.

İdman.Biz