“Şerif”in kapitanı: “Zirə”yə qarşı matç çox önəmlidir”

Xəbərlər
10 İyul 2024 17:37
218
“Şerif”in kapitanı: “Zirə”yə qarşı matç çox önəmlidir”

“Komandada futbolçular arasında yaxşı münasibətlər var, hər şey qaydasındadır”.

İdman.biz xəbər verir ki, bunu “Şerif”in kapitanı Mussa Kiabu deyib.

26 yaşlı yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”yə qarşı oynayacaqları matçdan öncə jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, görüşə çox yaxşı hazırlaşıblar: “Zirə”yə qarşı oyun çox önəmlidir. Bu, Avropa Liqasında ilk təsnifat oyunudur. Ən yaxşı nəticəni əldə etmək üçün bir neçə həftədir ki, məşq edir, hazırlaşırıq. Sabah müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Malili futbolçunun sözlərinə görə, yeni gələn futbolçular da komandaya çox yaxşı adaptasiya olublar: “Hazırlıqlı gəliblər. Vəzifəmiz onlara ailənin əhatəsində olduqlarını hiss etdirməkdir. Bütün yeni gələnlərlə danışdıq və burada özlərini evdəki kimi hiss edə biləcəklərini başa saldıq. Onların hamısı komanda üçün çox vacibdir və bizə kömək edə bilərlər”.

Qeyd edək ki, “Şerif” - “Zirə” oyunu sabah saat 21:00-da start götürəcək.

İdman.biz