20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje Qəbələdə keçirilən təlim-məşq toplanışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesi və futbolçuların hazırkı durumu barədə danışıb.
“Qəbələdə yüksək səviyyədə təlim-məşq toplanışı keçirik. Futbolçular məşqlərdə həvəslə iştirak edirlər. Onlar həm bir-birlərini, həm də məşqçiləri daha yaxşı başa düşürlər. Oyun üslubu baxımından nə tələb etdiyimizi bilirlər. Futbolçuların bütün bunlara reaksiyası məni razı salır. Yolumuzun hələ əvvəlindəyik. Dünya çempionatında iştirak edəcək səviyyədə komanda formalaşdırmaq üçün daha da inkişaf etməliyik. Futbolçularımız keyfiyyətli və istəkli oyun nümayiş etdirməyə çalışırlar”, – deyə Rui Jorje bildirib.
Baş məşqçi oktyabrın 3-də Moldovanın U-20 yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşünə də toxunub:
“Moldova yığması intensiv oyun göstərən komandadır. Futbolçuları fiziki cəhətdən çox güclüdürlər, rəqibə yüksək səviyyədə pressinq tətbiq edirlər. Bu qarşılaşma bizim üçün çox yaxşı sınaq olacaq. Keyfiyyətli oyun ortaya qoymaq istəyirik. Əlbəttə ki, pressinqə üstünlük verən rəqibə qarşı oynamaq çətin olacaq. Amma biz buna hazırıq”.
Qeyd edək ki, Azərbaycan – Moldova U-20 yoldaşlıq matçı oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq və “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.
