PFL rəsmisi: “Azərbaycan futboluna dünya təcrübəsini gətirmək istəyirik” - MÜSAHİBƏ

17 Noyabr 2026 11:53
38
PFL rəsmisi: “Azərbaycan futboluna dünya təcrübəsini gətirmək istəyirik” - MÜSAHİBƏ

“Qarşıdakı dövrdə beynəlxalq səfərlərimiz və görüşlərimiz davam edəcək”.

Bunu Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bu yaxınlarda Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovla birgə Çexiyada təşkil olunan tədbirdə iştirak etdiniz. Dünya Liqaları Assosiasiyasının illik konfransı necə keçdi? Prqada hansı məsələlər daha çox diqqət mərkəzində idi?

- Bildiyiniz kimi, Peşəkar Futbol Liqası Azərbaycan Respublikası ərazisində peşəkar futbol yarışlarının idarə olunmasını, təşkilini və onlara nəzarəti həyata keçirir. Futbol daim inkişaf edən və yenilənən idman növüdür. Bu sahədə hər il yeni yanaşmalar, qaydalar ortaya çıxır. Bizim əsas məqsədlərimizdən biri yerli yarışları təşkil etməklə yanaşı, dünya futbolunda baş verən yeniliklərin ölkə futboluna inteqrasiyasını təmin etməkdir. Bu kontekstdə beynəlxalq futbol qurumları ilə əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır.

- Konfransda iştirak PFL üçün hansı baxımdan əhəmiyyətli oldu?

- Təsadüfi deyil ki, Peşəkar Futbol Liqası 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvüdür. Bu ilin ortalarında isə Dünya Liqalarının da tamhüquqlu üzvü seçildik. Bununla da, beynəlxalq əməkdaşlıq imkanlarımız daha da genişləndi. Artıq yalnız Avropada deyil, dünyanın digər qitələrində baş verən futbol yeniliklərini də yaxından izləmək və müvafiq təcrübələri öyrənmək imkanına sahibik.

- Digər ölkələrin liqalarının nümayəndələri ilə görüşlərin oldumu? Oldusa hansı məsələlər ətrafında fikir mübadiləsi apardız?

- Bu baxımdan builki illik konfransı yüksək qiymətləndiririk. Tədbir çərçivəsində oyun qaydalarından tutmuş, gələcəkdə futbolda tətbiqi mümkün olan yeniliklərə qədər bir sıra mühüm məsələlər müzakirə olundu. Eyni zamanda, Avropa, Asiya, Amerika və Avstraliya qitələrini təmsil edən futbol qurumlarının nümayəndələri ilə müxtəlif mövzularda görüşlər keçirdik, yeni əməkdaşlıq imkanlarını müzakirə etdik. Konfransın bütün mərhələlərində iştirak etməklə yanaşı, bir sıra fərdi görüşlərimiz də baş tutdu.

- Xarici liqaların təcrübəsindən Azərbaycan futbolunda yararlana biləciyimiz yenilik var?

- İnanırıq ki, bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq. Bizim başlıca məqsədimiz Azərbaycan futbolunun inkişafına maksimum töhfə vermək, dünya futbolunda baş verən yenilikləri və perspektivdə tətbiqi nəzərdə tutulan dəyişiklikləri yerli yarışlara uyğun şəkildə inteqrasiya etmək, eləcə də qarşılıqlı təcrübə mübadiləsini genişləndirməkdir.

- Gələcəkdə digər ölkələrin liqaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində konkret planlar var?

- Qarşıdakı dövrdə beynəlxalq səfərlərimiz və görüşlərimiz davam edəcək. Hesab edirik ki, bu tədbirlərdə əldə etdiyimiz təcrübələri gündəlik iş proseslərimizə tətbiq edəcəyik.

İdman.Biz