Əvəzolunmazın 166 günlük macərası

Xəbərlər
5 İyul 2024 11:34
229
Əvəzolunmazın 166 günlük macərası

Rahil Məmmədovun LKS karyerası 166 gün davam edib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin futbolçusu yanvarın 20-də müqavilə imzaladığı Polşa klubundan iyulun 3-də ayrılaraq bu ölkənin digər təmsilçisi “Radomyak”a keçib.

Qışda “Qarabağ”dan Lodz təmsilçisinə keçən 29 yaşlı müdafiəçi bu müddətdə 16 matçda iştirak edib. Bu görüşlərin hamısı Polşa çempionatının yüksək dəstəsi olan Ekstraklasada baş tutub.

Bu da təsadüfi deyil. Uğursuz mövsüm keçirən LKS ölkə kuboku ilə Rahilin transferindən əvvəl – ötən ilin noyabrında keçirilən 1/16 finalda vidalaşıb. Avrokuboklarda da oynamayan komanda bu il yalnız çempionat qarşılaşmalarına çıxıb.

Rahil LKS-in bu il keçirdiyi 16 matçın hamısına start heyətində çıxıb. O, bu görüşlərdə əvəzolunmadan 90 dəqiqə meydanda olub. Fevralın 24-də “Stal”la səfər oyununda (0:1) debüt edən müdafiəçi mayın 25-də eyni rəqiblə ev qarşılaşması (3:2) ilə Lodz karyerasını tamamlayıb. O, 16 matçda 1440 dəqiqə keçirib. Müdafiəçi 2 sarı vərəqə ilə cəzalanıb.

Rahilin gəlməsinə qədər 18 turda cəmi 9 xal toplayan LKS turnir cədvəlində sonuncu – 18-ci yerdə olub. Müdafiəçinin iştirak etdiyi 16 qarşılaşmada 15 xal yığan lodzlular mövsümü elə 18-ci yerdə bitirməklə 1-ci liqaya yuvarlanıb.

Qeyd edək ki, peşəkar karyerasına “Neftçi”də başlayan müdafiəçi “Qarabağ”la LKS-dən başqa “Səbail” və “Zirə”də də forma geyinib.

İdman.biz

Məqalədə: