Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədovun İdman.bizə müsahibəsi
- Karyeranızı ikinci dəfə bitirməklə gündəmə gəldiz. Nə baş verdi ki, Azərbaycanın I Liqasına vəsiqə qazanan “Cəbrayıl”da barənizdə eyni fikir səsləndi?
- Bəli, peşəkar karyeramı çoxdan başa vurmuşam. Lakin daim futbol oynayıram. “Cəbrayıl”da da çıxış etməyimin əsas səbəbi Cavid Hüseynova kömək etmək idi. Özü məni çağırmışdı ki, ona yardımçı olum. Buna görə də bu komandada oynadım. Ümumilikdə futbolçu olduğuma görə həmişə Allaha şükür etmişəm. Qürur mənbəyim isə millidə çıxış etmək olub. Bütün yeniyetmələrimizə bu hissi yaşamağı arzulayıram.
- Onda geriyə boylandıqda karyeranızı uğurlu hesab edirsiniz?
- Uğurlu və uğursuz dönəmlər say etibarı ilə bərabərdir. Bundan da yaxşı ola bilərdi. Amma olmadı. Yanlış hərəkətlər etdim və vaxtında düzgün qərar vermədim. Daim buna görə özümü danlayıram. Avropaya getmək şansım ola-ola getmədim, amma risk etmək lazım idi. 18-19 yaşlarımda Macarıstan, Türkiyə, Çexiya kimi ölkələrin klublarında çıxış etmək kimi variantlar da yaranmışdı. Lakin heç birini dəyərləndirmədim. Bəlkə də düzgün yol göstərən olsaydı, indi belə olmazdı. Düzdür, bərbad karyera yaşamamışam. Amma çox yüksək də olmayıb. Ümumilikdə özüm barəsində müsbət danışmağı sevən deyiləm.
- Futbol həyatında ən yaddaqalan hadisə kimi nəyi fərqləndirərdiz?
- Yaddaqalan hadisələr çox olub. Ümumiyyətlə, futbol unudulmaz bir şeydir. Ancaq heç vaxt Avropa çempionatındakı matçları və xarici klublara qarşı mübarizəmizi unutmayacağım.
- "Turan Tovuz", "İnter" (indiki “Şamaxı”), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ" və "Sumqayıt"da çıxış etmisiniz. Hansı sizin üçün xüsusidir?
- "İnter" və "Qarabağ"ın mənim üçün xüsusi yeri var. Çünki gənc yaşlarımın ən yaxşı zamanlarını bu iki klubda olmuşam.
- “Səbail”də uşaq məşqçisi kimi çalışırsız. Onda sizi yenə futbolda görəcəyik?
- Bəli, "Səbail"in U-15 komandasında məşqçilik edirəm. Əsas məqsədim bu sahədə qalmaq idi. Sevindirici haldır ki, istəyimi yerinə yetirə bildim.
Banuçiçək Hüseynli
İdman.biz