Azərbaycanda ilk dəfə keçiriləcək futbol üzrə U-15 dünya çempionatının YENİ DETALLARI

18 Sentyabr 2026 15:31
126
Azərbaycanda ilk dəfə keçiriləcək futbol üzrə U-15 dünya çempionatının YENİ DETALLARI

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili ilə bağlı yeni detallar açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) məlumat yayıb.

Bildirilib ki, turnirin ilk oyunları oktyabrın 24-də keçiriləcək.

Yarış çərçivəsində altı oyun günündə təxminən 1000 qarşılaşmanın təşkili planlaşdırılır. Matçların böyük hissəsi Bakının Hövsan Olimpiya İdman Kompleksi keçiriləcək. Burada eyni vaxtda 20 oyunun təşkili mümkün olacaq və ayrı-ayrı meydançalarda gün ərzində 10-a qədər qarşılaşma baş tutacaq.

Turnirin açılış oyunu və oktyabrın 30-da baş tutacaq müxtəlif səviyyələr üzrə final matçları Bakıdakı Kristal Zalında keçiriləcək.

Yarışın formatı da fərqli olacaq. Komandalar 8x8 sistemi ilə qarşılaşacaq. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq.

Turnirin təsnifat mərhələsinin nəticələrinə əsasən komandalar ikinci mərhələdə 6 performans səviyyəsinə ayrılacaq. Bütün iştirakçılar son oyun gününədək mübarizə aparacaqlar.

Hər səviyyənin qalibi müəyyənləşəcək. A səviyyəsində qalib gələn komanda isə FIFA U-15 Dünya çempionatı və Festivalının qalibi elan olunacaq.

Qrupların balanslı şəkildə formalaşdırılması üçün turnirdən əvvəl xüsusi reytinqdən istifadə edilib. Reytinq hazırlanarkən milli komandaların nəticələri ilə yanaşı, son dövrdə aşağı yaş qrupları üzrə milli komandaların beynəlxalq yarışlarda iştirakı və nəticələri də nəzərə alınıb.

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger turnirin əsas məqsədinin gənc futbolçulara beynəlxalq səviyyədə daha çox oyun təcrübəsi qazandırmaq olduğunu bildirib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən olan komandaların U-15 səviyyəsində bir araya gəlməsi futbolçulara fərqli oyun üslubları və futbol mədəniyyətləri ilə tanış olmaq, rəqabət şəraitində inkişaf etmək imkanı verəcək.

FIFA-nın məlumatına görə, turnirdə 3000-dən çox futbolçu, məşqçi və rəsmi şəxsin iştirakı gözlənilir. Hər komandanın heyəti 14 futbolçu və 6-dək məşqçi və digər əməkdaşdan ibarət olacaq.

Yarışda 2011 və 2012-ci il təvəllüdlü futbolçular iştirak edə biləcəklər.

Turnirin təşkilində təxminən 250 könüllü də fəaliyyət göstərəcək. FIFA və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkil etdiyi könüllülər proqramına qeydiyyat sentyabrın 10-da başlayıb.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı ilk dəfə Azərbaycanda keçirilir. Qızlar arasında analoji turnirin 2027-ci ildə təşkili, 2028-ci ildən isə oğlanlar və qızlar arasında yarışların hər il keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan millisi turnirin AF qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla mübarizə aparacaq.

İdman.Biz
Məqalədə: