AFFA tərəfindən regionlarda məşqçilik təhsili imkanlarının genişləndirilməsi məqsədilə Gəncə şəhərində UEFA C kateqoriyalı məşqçilik kursu təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kursa Gəncə və Naftalan şəhərlərində, həmçinin Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Gədəbəy və Tərtər rayonlarında fəaliyyət göstərən və məşqçilik təhsili almaq istəyən şəxslər müraciət edə bilərlər.
Təlimlər “Kəpəz” Futbol Klubunun fəaliyyət göstərdiyi infrastruktur bazasında keçiriləcək. Kurs cari ilin noyabrından başlayaraq, üç ay müddətində təşkil ediləcək. Dəqiq təlim tarixləri seçilmiş namizədlərə ayrıca bildiriləcək.
Kursda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərək müraciət edə bilərlər. Namizədlərin müraciətləri qeydiyyat zamanı təqdim olunan məlumatlar əsasında qiymətləndiriləcək. Ərizə mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
