“Hər oyundan-oyuna artırırıq”.
Bunu “İmişli”in futbolçusu Seyxan Fərəcovun “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları Misli Premyer Liqasının 10-cu tur matçından sonra sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Oyun haqqında fikirləriniz necədir?
– “Kəpəz” azarkeşləri bu gün komandaya böyük dəstək oldu. Biz əlimizdən gələn hər şeyi etdik ki, bu oyunda üç xal qazanaq. Amma alınmadı. Qol vurduq, sayılmadı. Epizodlarımız oldu, amma qismət…
– Həmin sayılmayan qolun təkrarına baxmısınız?
– Hələ yox, baxacağıq.
– Bəs oyun zamanı həmin epizodla bağlı nə düşünürdünüz?
– Tapdalanmanı görmədim. Heç nə görmədim.
– Komandanın potensialını necə qiymətləndirirsiniz? Hazırkı mövqeyinizdən daha yüksəklərə qalxa biləcəyinizə inanırsınız?
– Hər oyundan-oyuna artırırıq. Hər matçda daha yaxşı oynayırıq. İnşallah, daha yaxşı yerlərdə olmaq üçün çox məşq edirik. Görək necə olacaq.
– Komandaya yeni qoşulanda yayda bu qədər qol vuracağınızı gözləyirdiniz? Özünüzə inanırdınız?
– Bəli, özümə inanırdım, amma daha çoxunu bacara biləcəyimi də düşünürdüm. İndi öz üzərimdə işləyirəm ki, daha çox qol vurum və komandaya daha çox kömək edim. İstər qollarımla, istərsə də oyunumla. Komandaya kömək etmək üçün əlimdən gələni edirəm.
– Stadiondakı atmosfer necə idi?
– Həqiqətən super idi! İnşallah, hər oyunda belə atmosfer olar. Məncə, bu, futbolumuzun daha da inkişafına kömək edər.
– Milli komandada hücumçu problemi var. Sizcə, sizə dəvət gəlməli idi? Millidən dəvət gözləyirsiniz?
– Öz üzərimdə işləyirəm. Millinin məşqçisi məsləhət bilsə, məni dəvət edər. Əks halda, daha çox çalışmalıyam, öz üzərimdə işləməliyəm. Milliyə çağırılmaq üçün əlimdən gələni etməliyəm.
– Bu barədə danışığınız olub?
– Xeyr, olmayıb.
