“Neftçi”nin futbolçusu: “Qarşımıza qoyduğumuz hədəflərə çatmaq istəyirik” - MÜSAHİBƏ

2 Noyabr 2026 16:59
90
“Neftçi”nin futbolçusu: “Qarşımıza qoyduğumuz hədəflərə çatmaq istəyirik” - MÜSAHİBƏ

“İlk növbədə, özüm əlimdən gələni edirəm ki, yaxşı formada olum və komandama fayda verim”.

Bunu “Neftçi”nin futbolçusu Rüfət Abbasovun “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 10-cu tur matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Keçmiş komandanıza qarşı oynadınız. Oyunu necə dəyərləndirirsiniz?

– “Şamaxı”nın güclü komanda olduğunu bilirdik. Həqiqətən də yaxşı kollektivdir. Oyunun çətin keçəcəyini əvvəlcədən gözləyirdik. Həm meydança, həm də hava şəraiti baxımından müəyyən çətinliklər var idi. Üstəlik, keçmiş komandama qarşı oynayırdım. Bu, mənim üçün çox xoş hiss idi. “Şamaxı”ya gələcək oyunlarında uğurlar arzulayıram. Bizim üçün çox vacib oyun idi. Qələbə qazanaraq liderliyə yüksəlmək istəyirdik. Şükürlər olsun ki, istəyimizə nail olduq. Qarşımıza qoyduğumuz hədəflərə çatmaq istəyirik. Bildiyiniz kimi, Neftçinin 90 illik yubileyidir və biz çempion olmağı hədəfləyirik.

– “Neftçi”də yerli futbolçulara daha az şans verilir. Siz bu baxımdan yaxşı mənada fərqlənirsiniz. Mustafa Sekin ehtiyat heyətdə yer alması da bunun nümunəsidir. Yerli futbolçulara bu baxımdan nə məsləhət görərdiniz?

– İlk növbədə, özüm əlimdən gələni edirəm ki, yaxşı formada olum və komandama fayda verim. Həmişə idman formamı qorumağa çalışıram. Qidalanma, yuxu rejimi və digər məsələlərə diqqət yetirirəm. Mustafa Sek mənim komanda yoldaşımdır. Bu gün o oynaya bilər, sabah mən oynaya bilərəm. Aramızda sağlam rəqabət var. Mən də çalışacağam ki, hər oyunda start heyətində yer alım və komandam üçün əlimdən gələni edim.

– “Neftçi” üçün “Şamaxı” ilə oyun kifayət qədər çətin alındı. Qələbə qazansanız da, komanda meydanda müəyyən çətinliklərlə üzləşdi. Bunun səbəbi nə idi?

– Dediyim kimi, “Şamaxı” bu il çox yaxşı komandadır. Səfərdə oynayırdıq. Meydança amili də var idi, Şamaxıda hava şəraiti də bir qədər ağır olur. Bütün bunlar oyuna təsir edən amillərdir. Əsas məqsədimiz qələbə qazanmaq idi və şükürlər olsun ki, buna nail olduq.

– Bu qələbə sizi liderliyə yüksəltdi. Bu amil komandaya psixoloji üstünlük verəcəkmi?

– Əlbəttə, verir. Qarşıda bizi “Kəpəz”lə oyun gözləyir. Həmin matçda da əlimizdən gələni edəcəyik və meydana qələbə qazanmaq üçün çıxacağıq.

İdman.Biz