“Barselona”nın qapıçısının sevgilisi ilə fotoları zarafat mövzusu oldu - FOTO

2 Noyabr 2026 18:34
89
“Barselona”nın qapıçısının sevgilisi ilə fotoları zarafat mövzusu oldu - FOTO

“Barselona”nın qapıçısı Joan Qarsiya komanda yoldaşlarının zarafatlarına tuş gəlməsinin səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı qolkiper “Late Xperience” proqramının üçüncü mövsümündə qonaq olub. O, verilişdə Kataloniya klubundakı çıxışından və komanda daxilindəki münasibətlərdən danışıb.

Qarsiya “Barselona”ya uyğunlaşma prosesinin uğurlu keçdiyini bildirib:

“Çox xoşbəxtəm və artıq komandaya daha yaxşı uyğunlaşmışam. İndi özümü daha rahat hiss edirəm. Bundan əlavə, “Barselona” azarkeşləri məni böyük səmimiyyətlə qarşıladılar. Bu da özünü rahat və güvənli hiss etməyə kömək edir”.

24 yaşlı qapıçı komandanın gənc futbolçulardan təşkil olunduğunu və kollektivdə mehriban ab-havanın hökm sürdüyünü deyib:

“Paltardəyişmə otağında çoxlu gənc futbolçu var. 24 yaşım olmasına baxmayaraq, az qala ən yaşlılardan biriyəm. Komandada enerji çoxdur, hamı zarafat edir. Bir-birimizlə dostuq. Uzun saatlar birlikdə vaxt keçiririk və istəsən də, istəməsən də, hamı ilə yaxınlaşırsan”.

Qarsiya komanda daxilində daha çox Fermin Lopes, Dani Olmo, Pedri və Eriklə vaxt keçirdiyini bildirib. O, səfərlər zamanı isə tək otaqda qalmağa üstünlük verdiyini söyləyib.

İspaniyalı qapıçı komanda yoldaşlarının onun sosial şəbəkə paylaşımlarına da laqeyd qalmadığını açıqlayıb. Xüsusilə sevgilisi ilə dağ gəzintilərindən fotolar paylaşması paltardəyişmə otağında zarafat mövzusuna çevrilir.

“Paltardəyişmə otağına gələndə sosial şəbəkədə foto paylaşıramsa, bəzi komanda yoldaşlarım mənimlə zarafat edirlər. Amma hər kəsin özünəməxsus qəribəlikləri var”, deyə Qarsiya bildirib.

O, sevgilisi ilə dağlara getməyi çox sevdiyini də vurğulayıb: “Sevgilimlə dağlarda vaxt keçirməyi çox xoşlayıram. Dağları sevirik və fürsət düşən kimi ora gedirik. Dostlarımla da belə planlar qururam”.

Qeyd edək ki, Joan Qarsiya “Barselona”ya ənənəvi rəqibi “Espanyol”dan keçib. O, ailəsinə və dostlarına yaxın qalmaq üçün Barselonada yaşamağa davam etmək qərarına gəlib.

İdman.Biz