Zaur Həşimov: “Hakim penalti təyin etməli və ikinci sarı vərəqəni göstərməli idi”

2 Noyabr 2026 21:56
99
Zaur Həşimov: “Hakim penalti təyin etməli və ikinci sarı vərəqəni göstərməli idi”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 10-cu turunda “Sumqayıt”la səfər oyununu (1:1) dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını, lakin qələbəni əldən verdikləri üçün məyus olduğunu bildirib.

“Ardıcıl məğlubiyyətlərdən sonra xal qazandığımız üçün sevincliyik. Digər tərəfdən, məyusuq. Çünki çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlana bilmədik. Yenə hesabda önə keçdiyimiz oyunda qol buraxdıq və qələbəni əldən verdik. Buna baxmayaraq, futbolçularıma təşəkkür etdim. Həqiqətən də yaxşı oynadılar. Son iki turda da komandamın çıxışından razı qalmışdım”.

Həşimov “Sumqayıt”la görüşə xüsusi hazırlıq keçmədiklərini və komandasının qarşıya qoyulan məqsədə çatacağına inandığını qeyd edib:

“Uduzduğumuz bütün matçlarda mübarizədən çəkinməmişik. “Şamaxı” ilə oyunda dominant futbol nümayiş etdirdik. “Kəpəz”lə görüşdə də belə idi. Komanda artıq ümid verməyə başlayırdı. “Sumqayıt”ı xüsusi təhlil etməmişdik. Digər oyunlara necə hazırlaşırıqsa, bu matça da eyni qaydada hazırlaşmışdıq. “Şəfa” çempionatda öz sözünü deyəcək gücdədir. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatacağıq”.

Baş məşqçi hakim idarəçiliyi ilə bağlı bəzi epizodlardan narazı qaldığını da gizlətməyib:

“İsa Süleyman top qapıçının əlində olarkən onu vurdu. Bu, açıq-aydın görünürdü. Amma hakim bunun qəsdən edilmədiyini bildirdi. Fikrimcə, həmin epizodda penalti təyin olunmalı və futbolçuya ikinci sarı vərəqə göstərilməli idi. Bəlkə də, bu qərar oyunun taleyini həll edəcəkdi. Musa Quelin sarı vərəqə aldığı epizodda isə rəqib bizim futbolçunun ayağını tapdalamışdı. Bu qərar da bizim üçün anlaşılmaz oldu. Gərgin oyun idi, hakimləri də başa düşürəm. Hansısa qərəzin olduğunu düşünmürəm”.

İdman.Biz