“Qarabağ” “Turan Tovuz”u yenilənmiş “Azersun Arena”da qəbul edəcək

2 Noyabr 2026 21:24
118
“Qarabağ” “Turan Tovuz”u yenilənmiş “Azersun Arena”da qəbul edəcək

“Qarabağ” Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”u “Azersun Arena”da qəbul edəcək. Noyabrın 6-da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) Ağdam təmsilçisinin ev oyunlarını yenidən “Azersun Arena”da keçirməsi ilə bağlı qərar qəbul edib.

Buna səbəb “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda renovasiya işlərinin aparılması ilə əlaqədar PFL-ə rəsmi müraciət etməsidir.

PFL klubun müraciətini, həmçinin “Azersun Arena”nın Misli Premyer Liqası və Azərbaycan Kubokunun oyunlarını qəbul etməyə hazır olduğunu nəzərə alaraq, Ağdam təmsilçisinin “Turan Tovuz”la qarşılaşmadan etibarən ev oyunlarını bu stadionda keçirməsinə razılıq verib.

Qeyd edək ki, “Azersun Arena” ötən mövsümün sonlarında ot örtüyünün bərpası üçün bağlanmışdı. Stadionda aparılan renovasiya və yenilənmə işləri artıq başa çatıb.

“Qarabağ”ın mövsümün əvvəlindən ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda isə renovasiya işləri aparılacaq.

İdman.Biz