Millimizin “14”ləri – TƏHLİL

Təhlil
12 İyun 2024 17:54
976
Millimizin “14”ləri – TƏHLİL

Azərbaycan futbolunda 14 rəqəmi mistik xüsusiyyətə malikdir. Millimizdə ən çox oyun keçirən Rəşad Sadıqov 14 nömrəli formanı daşıyıb, ən çox qol vuran futbolçu Qurban Qurbanov 14 dəfə fərqlənib.

İdman.biz xəbər verir ki, yığmanın bombardiri adına şərik çıxan Emin Mahmudov da “14”lərə qoşulub.

“Neftçi”nin yarımmüdafiəçisi bu rəqəmi arxada qoymaq imkanına da malikdir. “14”ü geridə qoymaq üçün Eminə bir qol lazımdır.

Azərbaycan futbolu yeni rekordu gözləyir. İdman.biz isə qol sayı 14 olan Qurbanovla Mahmudovun necə şərik çıxdıqlarını nəzərdən keçirir.

20 il 5 gün əlçatmazlıq
Qurbanov 14-cü qolu 2004-cü il iyunun 6-da Latviya ilə Riqadakı matçda vurub. Həmin rekord 20 il əlçatmaz qalıb. Yalnız 20 il 5 gündən sonra Emin həmin göstəricini təkrarlayıb. O, Qazaxıstana qarşı Macarıstanda keçirilən görüşdə rəqibi məyus edib. Yoldaşlıq xarakteri daşıyan hər iki görüş məhsuldar alınıb. Latviyada 2:2 hesabı qeydə alınıbsa, Sombatxeydə yığmamız qalib gəlib – 3:2. Bombardirlərin ikisi də 14-cü qolunu penalti zərbəsindən vurub.

“0,08”lik fərq
Qurbanov millidə 68 oyun keçirib. Onun orta məhsuldarlığı 0,21-ə bərabərdir. Mahmudov isə 49 dəfə oynadığı yığmada yubileyin astanasındadır. Onun orta məhsuldarlığı 0,29-dur. Göründüyü kimi bombardirlərimizi cəmi “0,08”lik fərq ayırır.

Dörd qolluq üstünlük
Bombardirlər cədvəlində 3-cü yerdə Ramil Şeydayevdir. “Kocaelispor”un hücumçusu da karyerasını davam etdirir. O, “Qarabağ”ın baş məşqçisi ilə “Neftçi”nin kapitanından 4 top geri qalır. Aktivində 10 qol olan Şeydayev millinin tarixində vurduğu topların sayı iki rəqəmlə ifadə olunan üç futbolçudan biridir.

“32”nin sirri
“32” təkcə dişlərin sayı yox, həm də “dişsiz” görünən millimizin bombardirlərinin indiki göstəriciyə çatdığı ədəddir. Nə qədər maraqlı olsa da, həm Qurbanov, həm də Mahmudov 14-cü qolunu 32 yaşında vurub. Əslində, burada diqqətçəkən məqamlar çoxdur. Onların hər ikisi apreldə anadan olub, hər ikisi 14-cü qolu iyunda vurub. Bütün bunlar 20 il və bir neçə gün fərqlə baş verib. Qurbanov 32 yaşını tamamlayandan 54, Mahmudov 45 gün sonra bu rekord həddə yüksəlib. Emin özündən 20 yaş böyük veterandan cəmi 9 gün tez buna nail olub.

“14”ə kim tez çatıb?
Qurbanov yığmadakı debütündən 12 il sonra 14-cü qolunu vurub. Mahmudov isə buna 6 ildən sonra nail olub. Amma son illər daha çox matç keçirildiyini də nəzərə alaq. Qurbanov ümumilikdə 57-ci, Mahmudov 49-cu matçında bu rəqəmi fəth edib. “Qarabağ”ın baş məşqçisi 7 fərqli ildə qola imza atıb. “Neftçi”nin kapitanında bu rəqəm 5-ə bərabərdir.

Hərəyə 2 dubl və 12 qollu oyun
14 qol müəlliflərini birləşdirən başqa məqamlar da var. Həm Qurbanov, həm Mahmudov yığmada 2 dubla imza atıb. Bu da o deməkdir ki, onların hər ikisi 12 fərqli qarşılaşmada qola sevinib. Onlar qol vurduqları matçların sayında da millinin rekordçularıdır.

Biri “Neftçi”də, digəri 6 klubda
Kapitan millidəki bütün qollarını “Neftçi”də vurub. Futbolçu karyerasının ən parlaq dövrünü “ağ-qaralar”da keçirən Qurbanov isə 6 fərqli klubun üzvü kimi fərqlənib. Təbii ki, o, “Neftçi”nin üzvü kimi daha çox – 4 qol vurub. Bombardirimiz “Volqar”da oynadığı vaxt 3, “Daşqın”, “Kür-Nur”, “Baltika”da 2, Stavropol “Dinamo”sunda 1 dəfə milli azarkeşlərini sevindirib.

Seçmələr, yoxsa yoldaşlıq
Qurbanov 5 dəfə seçmə mərhələlərdə fərqlənib. 9 qolunu yoldaşlıq görüşləri və beynəlxalq turnirlərdə vuran sabiq forvard dünya çempionatlarının seçmələrində qol vurmayıb.
Mahmudov topların yarısını seçmə, yarısını yoldaşlıq görüşündə rəqib qapısından keçirib. Mundial yolunda 4, qitə seçmələrində 3 dəfə fərqlənən yarımmüdafiəçi Millətlər Liqasında rəqib qapısına yol tapmayıb.

Kapitan “doqquzluğ”u
Bombardirlərin ikisi də millinin kapitanı olub. Qurbanov sarğı ilə başladığı matçlarda 3 dəfə fərqlənib. Mahmudov isə kapitan kimi 6 qola sevinib. Hər iki futbolçu penalti zərbələrindən də dəqiq olub. Hücumçumuz 2, yarımmüdafiəçimiz 4 dəfə 11 metrlik nöqtədən qola sevinib. Bombardirlərimiz qol vurduqları görüşlərə demək olar həmişə start heyətdə çıxıblar. Yeganə istisna Qurbanovun Belarusa səfərdə vurduğu topdur. Həmin görüşdə forvard ikinci hissədə şans qazanıb.

Qurban Qurbanovun millidəki qolları
8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) - 3:3 (2 qol)
27 fevral 1996. Larnaka. YO. Azərbaycan – Farer adaları - 3:0
27 may 1996. Molodeçno. YO. Belarus – Azərbaycan - 2:2
22 mart 1997. Bakı. YO. Azərbaycan – Türkmənistan - 3:0
14 oktyabr 1998. Vaduts. AÇ. Lixtenşteyn – Azərbaycan - 2:1
6 mart 1999. Larnaka. YO. Azərbaycan – Estoniya - 2:2
5 iyun 1999. Bakı. AÇ. Azərbaycan – Lixtenşteyn - 4:0
12 fevral 2003. Podqoritsa. AÇ. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2 (2 qol)
11 iyun 2003. Bakı. AÇ. Azərbaycan – Serbiya və Çernoqoriya - 2:1
31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan - 2:1
28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan - 3:1
6 iyun 2004. Riqa. YO. Latviya – Azərbaycan - 2:2

Emin Mahmudovun millidəki qolları
9 iyun 2018. Riqa. YO. Latviya - Azərbaycan - 1:3
30 mart 2021. Bakı. DÇ. Azərbaycan - Serbiya - 1:2
27 may 2021. Alaniya. YO. Türkiyə - Azərbaycan - 2:1
1 sentyabr 2021. Lüksemburq. DÇ. Lüksemburq – Azərbaycan – 2:1
4 sentyabr 2021. Dublin. DÇ. İrlandiya – Azərbaycan – 1:1
12 oktyabr 2021. Belqrad. DÇ. Serbiya - Azərbaycan - 3:1
14 noyabr 2021. Bakı. YO. Azərbaycan – Qətər – 2:2 (2 qol)
16 noyabr 2022. Kişinyov. YO. Moldova – Azərbaycan – 1:2
24 mart 2023. Lints. AÇ. Avstriya - Azərbaycan - 4:1
12 sentyabr 2023. Bakı. YO. Azərbaycan - İordaniya - 2:1
16 noyabr 2023. Bakı. AÇ. Azərbaycan - İsveç - 3:0 (2 qol)
11 iyun 2024. Sombatxey. YO. Azərbaycan – Qazaxıstan – 3:2

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: