2023/2024-cü illər mövsümündə İtaliya A seriyasında 380 oyuna 992 qol vurulub. Mövsüm ərzində 284 futbolçu rəqib qapısına yol tapıb.
İdman.biz mövsümün ən yaxşı qolçuları ilə bağlı statistikanı diqqətə çatdırır.
A seriyası mövsümünün ən yaxşı bombardiri 33 oyuna 24 qolla “İnter”in argentinalı forvardı Lautaro Martines olub (hər oyuna orta – 0,73).
A seriya tarixinin 36 qolluq rekordu 3 futbolçuya məxsusdur – Cino Rossetti (“Torino”, 1928/1929), Qonsalo İquain (“Napoli”, 2015/2016) və Çiro İmmobileyə (“Latsio”, 2019/2020).
Lautaro Martines A seriyasının bombardiri olan 10-cu argentinalıdır. Bu 10 argentinalının ümumilikdə A Seriyada 12 zəfəri var. Hər iki göstərici İtaliya çempionatında xarici ölkələr üçün rekorddur.
“İnter” futbolçularının İtaliya çempionatında bombardirlik zəfəri 15-ə çatdı. Bundan daha çox yalnız “Milan” təmsilçiləri fərqləniblər – 17 dəfə.
2018-ci ildən “İnter” formasını geyinən Lautaro Martines, ilk mövsümündən başlayaraq hər mövsüm bombardirlər siyahısında əvvəlkindən daha yuxarı pilləyə yüksəlib – 2018/2019-da 6 qolla 49-cu yer, 2019/2020-də 14 qolla 12-ci yer, 2020/2021-də 17 qolla 8-ci yer, 2021/2022-də 21 qolla 3-cü yer, 2022/2023-də 21 qolla 2-ci yer, 2023/2024-də 24 qolla 1-ci yer.
Son 8 mövsümdə bombardir 2-ci yerdə olan rəqibini ən yüksək fərqlə qabaqlayıb. Lautaro Martines bu mövsüm ən yaxın izləyicisini 8 top geridə qoyub. Sonuncu dəfə daha böyük fərq 2015/2016 mövsmündə “Napoli”nin qolçusu Qonsalo İquaninin (36 qol) “Yuventus”dan Paulo Dibalanı (19) 17 qol qabaqlaması olub.
Bombardirlər mübarizəsində 2-ci yeri Duşan Vlahoviç tutub (16 qol). 3-4-cü yerləri 15 qolla Viktor Osimen (“Napoli”) və Olivye Jiru (“Milan”) bölüşürlər. Albert Qudmundsson 14 qolla 5-cidir. 5 futbolçu hərəyə 13 qolla ilk onluğu tamamlayır – Romelu Lukaku (“Roma”), Markus Türam (“İnter”), Duvan Sapata (“Atalanta/Torino”), Paulo Dibala (“Roma”), Hakan Çalhanoğlu (“İnter”).
Mövsümün “penaltilər kralı” “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğludur. Türk futbolçu 13 qolundan 10-u penaltidən vurub.
Çalhanoğlu həm də yarımmüdafiəçilər arasında ən çox fərqlənən futbolçudur. “Atalanta”dan Tön Kopmeynersin 12 qolu var.
Müdafiəçilərdən ən çox fərqlənən Federiko Dimarko (“İnter”), Lukas Kuarta (“Fiorentina”) və Teo Ernandesdir (“Milan”) – 5 qol.
A seriyada məhsuldar ötürmələrdə ən çox fərqlənən “Milan”dan Rafael Leaodur – 9 dəfə. 5 futbolçunun 8 assistentliyi var. Onların arasında bunu daha az oyunda edən Paulo Dibaladır (“Roma”, 28 oyunda). Ümumiyyətlə, mövsümdə 283 futbolçu qol assistentliyi edib.
Qol və məhsuldar ötürmələrin ümumi sayına görə A seriyasının lideri Lautaro Martinesdir – 27 (24+3). Olivye Jiruda bu göstərici 23 (15+8), Paulo Dibalada 21-dir (13+8). Ümumilikdə 370 futbolçu komandasına qol və ya assistentliklə kömək edə bilib.
Vüqar Məmmədov
İdman.biz