“Oyun olduqca gərgin keçdi. Fikrimcə, matçın nəticəsi nelə olmamalıydı. Heyf ki, matçın əvvəlində yaratdığımız epizodlardan yararlana bilmədik. Erkən qol vurub oyunu açmaq, hətta hesabdakı üstünlüyü artırmaq imkanımız var idi, lakin şanslarımızdan istifadə edə bilmədik”.
Bu sözləri Azərbaycan milli komandasının futbolçusu Abdulla Xaybullayev deyib.
Yarımmüdafiəçi Lixtenşteynlə keçirilən və 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra komandanın psixoloji vəziyyətindən də danışıb.
“Bu cür matçdan sonra özünə gəlmək və növbəti oyuna köklənmək həqiqətən çətindir. Amma nə olursa-olsun, bunu etməliyik, çünki başqa çıxış yolumuz və şansımız yoxdur. Əgər qarşıdakı oyunda qalib gəlməsək, heç bir şansımız qalmayacaq. Məhz buna görə də meydanda hər şeyimizi ortaya qoymalıyıq”, - deyə o futbolinfo.az-a açıqlamasında vurğulayıb.
