Portuqaliya millisinin sabiq hücumçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru yığmanın Danimarkaya 1:4 hesabı ilə məğlub olmasına sevindiyini bildirib.
İdman.Biz xəbər verir ki, Aveyru bu barədə A Bola nəşrinə açıqlamasında danışıb. O, oğlunun milli komandada layiq olduğu hörməti görmədiyini iddia edib:
“Əlbəttə, Kriştianu üçün çox ağır və kədərli idi. Onu sadəcə aldatdılar və bu, mənə də inanılmaz dərəcədə ağrı verir. Millinin Danimarka ilə oyundakı məğlubiyyəti tamamilə layiqli idi. Elə belə də olmalı idi. Hətta bu nəticəyə səmimi qəlbdən sevindim!”
Aveyru Ronaldunun karyerasına həsr olunmuş təntənəli tədbirin onun iştirakı olmadan keçirilməsini də tənqid edib:
“Belə möhtəşəm karyeraya görə təntənəli təltifetmə mütləq onun öz iştirakı ilə keçirilməli idi, onsuz yox. Ona əsl hörməti burada, doğma “Sportinq”də göstərəcəklər. Çünki burada onu həqiqətən qiymətləndirirlər. Milli komandada isə ona hörmət etmirdilər. Bu, hətta yığmadakı komanda yoldaşlarına da aiddir”.
Qeyd edək ki, Portuqaliya UEFA Millətlər Liqasının A Liqasının dördüncü qrupunda Danimarkaya doğma meydanda 1:4 hesabı ilə uduzub.
