Elvin Bədəlov: “Bu vəziyyətə özümüz düşmüşük, buradan da özümüz çıxmalıyıq” - MÜSAHİBƏ

2 Oktyabr 2026 09:53
96
Elvin Bədəlov: “Bu vəziyyətə özümüz düşmüşük, buradan da özümüz çıxmalıyıq” - MÜSAHİBƏ

“Bizə qələbə lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Bunu Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov UEFA Millətlər Liqasının üçüncü turunda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə (0:0) etdikdən sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Matçla bağlı nə deyə bilərsiniz?

– Üzgünük. Qələbə qazanmaq istəyirdik, epizodları dəyərləndirə bilmədik. Özünüz də hər şeyi gördünüz.

– Kifayət qədər qol epizodunuz oldu, amma onlardan yararlana bilmədiniz. Çatışmayan nə idi?

– Soyuqqanlılıq. Ən yaxşı futbolçumuz Mahir Emrelinin belə epizodları dəyərləndirə bilmədiyi oyunda qələbə qazanmaq çətin idi. Digər futbolçular da cəhd etdilər, amma alınmadı.

– Mahir Emreli komandanın durumunun yaxşı olmadığını dedi. Bu nəticə növbəti oyuna nə dərəcədə təsir edə bilər?

– Əlbəttə, təsir edəcək. İndi gedib özümüzü toparlayacağıq. Bu vəziyyətə özümüz düşmüşük və buradan da özümüz çıxmalıyıq.

– Bu nəticəyə görə azarkeşlərdən üzr istəyirsiniz?

– Əlbəttə. Oyuna gələn və televiziyadan bizi izləyən hər kəsdən üzr istəyirik.

– Rəqib komandanın qələbədən sonra belə sevinməsi sizə pis təsir etdi?

– Meydanda bunu gördüm, indi yox. Bəli, meydandakı görüntülər mənə pis təsir etdi. Ona görə də uşaqlara meydandan çıxmağı dedim. Amma rəqibi də başa düşmək olar. Güclü rəqibdən xal alanda biz də belə sevinirik.

– Növbəti oyun barədə nə deyə bilərsiniz?

– Bizə qələbə lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Bu oyuna əsasən, Azərbaycan millisi D Liqasında oynamağa layiq komandadır?

– Xeyr. Əlimizdən gələni edib C Liqasına qayıdacağıq.

İdman.Biz