“Azərbaycan millisi güclü komandadır. Yaxşı keyfiyyətlərə və səviyyəli futbolçulara sahibdir. Amma meydanda hər şey mümkündür. Rəqibin gücünü bilirdik və buna uyğun hazırlaşmışdıq. Bu qarşılaşmadan əvvəl xal qazana biləcəyimizə inanırdıq. Əks halda, bura gəlməzdik”.
Bu sözləri Lixtenşteynin futbolçusu Aron Sele deyib.
30 yaşlı yarımmüdafiəçi Azərbaycan millisi ilə qarşılaşmanın gedişatı və yekun nəticə ilə bağlı fikirlərini bölüşüb.
“Kifayət qədər çətin oyun oldu. Biz bütün gücümüzü ortaya qoyaraq əsas məqsədimizə çatmağa çalışdıq. Hər oyunda olduğu kimi, bu qarşılaşmada da əlimizdən gələni etdik. Sonda hesab 0:0 oldu və düşünürəm ki, bu nəticə bizim üçün yaxşıdır”, - deyə o futbolinfo.az-a açıqlamasında vurğulayıb.
Sele ardıcıl 18 məğlubiyyətdən sonra ilk xal qazanmalarına da münasibət bildirib:
“Düzünü desəm, ardıcıl 18 oyunda məğlub olduğumuzu bilmirdim. Amma uzun fasilədən sonra nəyəsə nail olmaq, xal qazanmaq, əlbəttə ki, xoş hissdir”.
Matçdan sonra baş məşqçinin komandaya söylədiklərindən də danışan Sele bunları qeyd edib:
“Oyun başa çatdıqdan sonra baş məşqçimiz təxminən belə dedi:
“Təbrikə layiqik. Çünki bu oyunda, eləcə də indiyə qədər gördüyümüz bütün işlərdə böyük zəhmət çəkmişik”. Komandamızda fərqli işlərlə məşğul olan oyunçular var. Bəziləri işləyir, bəziləri təhsil alır. Bütün bunlarla yanaşı, futbolu da birlikdə davam etdirməyə çalışırıq. Ona görə də düşünürəm ki, bu nəticə bizim üçün böyük nailiyyətdir”.
Sonda qrupdakı məqsədlərindən danışan yarımmüdafiəçi fikirlərini belə ifadə edib:
“Düşünürəm ki, hər oyunda nəsə qazanmağa və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər futbolçu qalib gəlmək istəyir. Eyni zamanda, hansı səviyyədə olduğumuzu da nəzərə almalı və hər matçda sona qədər mübarizə aparmalıyıq”.
