Olavio Juninyo “Böyük beşlik”də - TƏHLİL

Təhlil
28 May 2024 17:05
1 911
Olavio Juninyo “Böyük beşlik”də - TƏHLİL

Azərbaycan Premyer Liqasının başa çatan 2023/24 mövsümünün ən yaxşı bombardiri Olavio Juninyo olub.

İdman.biz xəbər verir ki, “Qarabağ”ın braziliyalı legioneri mövsümü 20 qolla başa vurub.

27 yaşlı hücumçu buna 35 matçda nail olub. Cənubi amerikalı Azərbaycan çempionatları tarixində qol sayında ən azı iki “onluğ”a nail olan 5-ci legionerdir. Bu, əcnəbilər yarışın tarixinin “Böyük beşliy”ini formalaşdırıb.

Bizim Badri

Azərbaycan çempionatında 20 qol səddini fəth edən ilk legioner Badri Kvaratsxeliya olub. Düzdür, gürcüstanlı milliləşdirilsə də, yığmamızda meydana çıxsa da, onun legioner olduğu gün kimi aydındır. Hazırda A seriyasında rəqiblərinə aman verməyən Xviça Kvaratsxeliyanın atası 1997/98 mövsümündə coşub. Gürcü forvard 33 yaşında 20 qola imza atıb. “Kəpəz”də parlayan Badri Olavio qədər qol vursa da, bunu cəmi 22 matçda reallaşdırıb.

Əlçatmaz zirvə

Azərbaycan çempionatlarında mövsümdə ən çox qol vuran legioner isə Nikolas Kanalesdir. “Neftçi”nin çilili tapıntısı 26 dəfə fərqlənib. Rəqibləri üçün kabusa çevrilən cənubi amerikalı bu uğura 2012/13 mövsümündə imza atıb. 28 yaşlı legioner keçirdiyi 31 qarşılaşmada 26 dəfə sevinib.

“Qarabağ”ın rekordçusu

“Qarabağ”ın mövsümdə ən çox qol vuran legioneri Reynaldo Silva olub. O, Kanalesin parladığı mövsümün ardınca ilhama gəılib. Braziliyalı 22 qola imza atıb. Reynaldo Azərbaycan çempionatlarının legionerlər üçün ikinci nəticəsinə imza atıb. 2013/14 mövsümündə coşan sambaçı elə Nikolas kimi 31 matçda iştirak edib.

Bəxtsiz bombardir

Olavio kimi ona qədər 20 və daha çox qol vuran digər legionerlərdən Badri də, Nikolas da, Reynaldo da məhsuldar keçirdiyi mövsümdə Azərbaycan çempionu da olub. Qolları sıralayan, amma qızıldan uzaq, hətta çox uzaq düşən yeganə əcnəbi Junior Nildodur. O, Olavio ilə Badridən də çox – 21 qola sevinib. Amma braziliyalının bəxti onda gətirməyib ki, çempionluğa iddia etməyən AZAL-da parlayıb. 32 görüşdə 21 dəfə fərqlənən Nildo bunu 2012/13 mövsümündə gerçəkləşdirib. Bu da bir bəxtsizlik olub ki, o, Kanalesin qolları yağış kimi yağdırdığı zaman kölgədə qalıb.

Qeyd edək ki, Olavio 20 qola Azərbaycandakı debüt mövsümündə imza atıb.

Vüqar Xeyrullayev
İdman.biz