Joau Feliks Ronaldunun 1000-ci qoluna assist etmək istəyir

27 Sentyabr 2026 21:05
78
Joau Feliks Ronaldunun 1000-ci qoluna assist etmək istəyir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun yarımmüdafiəçisi Joau Feliks komanda yoldaşı Kriştianu Ronaldunun 1000-ci qoluna assist etməyi arzuladığını bildirib.

İdman.Biz xəbər verir ki, Feliks Kriştianu ilə həm Portuqaliya millisində, həm də klub səviyyəsində birlikdə oynamağın onun üçün xüsusi məna daşıdığını deyib.

“Futbolda çox az adam deyə bilər ki, Kriştianu ilə oynamaq imkanı qazanıb. Mən həm millidə, həm də indi “Əl-Nəsr”də onunla birlikdə çıxış etdiyim üçün özümü şanslı sayıram. Açığı, bu, böyük qürurdur”, - deyə Feliks bildirib.

O, Ronaldunun 1000-ci qoluna ötürmə vermək barədə də düşündüyünü etiraf edib:

“Onun 1000-ci qola bir addımı qalanda top hər dəfə məndə olanda ona baxacağam və ötürmə edə bilib-bilməyəcəyimi düşünəcəyəm. Bu qol futbol tarixinə düşəcək. Həmin anda onun yanında olmaq əla olardı”.

Hazırda Ronaldunun hesabında 979 qol var. O, bunların 833-nü klub, 146-sını isə Portuqaliya millisində vurub.

İdman.Biz