Tebas “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı danışdı

27 Sentyabr 2026 23:57
92
Tebas “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı danışdı

La Liqanın prezidenti Xavyer Tebas İngiltərənin “Mançester Siti” klubunun maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Tebas hələ 2017-ci ildə Mançesterdə keçirilən “Soccerex” tədbirində Avropa futbolundakı “maliyyə dopinqi” barədə açıq danışdığını bildirib. O, həmin vaxt “Mançester Siti” və PSJ-nin maliyyə imkanlarının yalnız adi kommersiya fəaliyyəti ilə deyil, böyük xarici resursların dəstəyi ilə formalaşdığını söylədiyini xatırladıb.

Tebasın sözlərinə görə, onun etiraz etdiyi əsas məqamlardan biri bazar dəyərindən xeyli yüksək hesab olunan sponsor müqavilələri və bunun futbol bazarına təsiri olub.

“2017-ci ildə dediklərimi indi ona görə xatırlatmıram ki, “mən sizi xəbərdar etmişdim” deyim. Bu tarix uzun illərdir apardığım mübarizəni yaxşı izah edir. İqtisadi dayanıqlılıq bürokratiya deyil, maliyyə nəzarəti isə şıltaqlıq deyil”, - deyə o bildirib.

La Liqa rəhbəri əlavə edib ki, klubların əsasən özlərinin yaratdığı gəlirlərlə rəqabət aparması futbolun sağlam modeli üçün vacibdir. Onun fikrincə, idman uğuru ən böyük maliyyə dəstəyinə sahib olmaqdan yox, daha yaxşı idarəetmə, daha çox gəlir yaratmaq və hamı üçün eyni qaydalara əməl etməkdən asılı olmalıdır.

Mənbənin məlumatına görə, müstəqil komissiya “Mançester Siti”yə qarşı irəli sürülən 115 maliyyə ittihamından 114-nü sübuta yetirilmiş hesab edib. Bununla belə, proses hələ yekunlaşmayıb və mümkün cəza ilə bağlı qərar açıqlanmayıb.

Qeyd edək ki, Premyer Liqa 2023-cü ilin fevralında “Mançester Siti”ni 2009-2018-ci illər ərzində maliyyə qaydalarını pozmaqda ittiham edib.

İdman.Biz