Toral Bayramov: “Transferlə menecerlər, klub rəhbərliyi məşğuldur”

Müsahibə
26 May 2024 23:06
1 328
Toral Bayramov: “Transferlə menecerlər, klub rəhbərliyi məşğuldur”

“Çox sevincliyik. Bizim üçün çox uğurlu və möhtəşəm mövsüm oldu”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

O, Azərbaycan Premyer Liqasında qızıl medal qazandıqları 2023/2024 mövsümünün mükafatlandırma mərasimindən sonra fikirlərini açıqlayıb. Bayramovun sözlərinə görə, mövsüm başladıqda onlara güvənməyənlər olsa da, sonda özlərini sübut ediblər: “11-ci dəfə çempion olmağı haqq edirdik. Sezon asan deyil, çətin oldu. Çempionat başlayanda ikinci və üçüncü sıralarda olurduq. Amma sonradan toparladıq. Bütün var gücümüzü ortaya qoyduq”.

"Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran futbolçu bu məsələlərə klub rəhbərliyinin baxdığını vurğulayıb: "Transferlə bağlı nəsə demək istəmirəm. Belə işlərlə menecerlər, klub rəhbərliyi məşğuldur. Yaşayarıq görərik".

Toralın sözlərinə görə, “Qarabağ” Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil edəcək. Üzərimizdə daha da çalışıb yaxşı mübarizə aparacağıq”.

O, “Neftçi”nin avrokuboklardan kənar qalmasına da münasibət bildirib: “Futbolda bu cür hallar baş verir. Gələn mövsüm bizim taleyimizin necə olacağı bəlli deyil. Futbolda belə şeylər olur”.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanı 5-ci yerdə bitirib.

Banuçiçək Hüseynli
İdman.biz