Millimizin sabiq futbolçusu Emin Mahmudovu qınayıb: “Yığmada lider yoxdur” - VİDEO

Müsahibə
26 May 2024 13:54
483
Millimizin sabiq futbolçusu Emin Mahmudovu qınayıb: “Yığmada lider yoxdur” - VİDEO

"Lider təkcə meydanda olmur, elə meydandan kənarda da öz sözünü deyir"

Bunu "İdman Bizimlə”nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

O bildirib ki, həmişə liderliyi ilə fərqlənib: "Bəlkə də bu, ən böyük səhvimdir, ancaq həmişə çalışıram ki, sözün düzünü deyim. Millidə olduğum dövrdə bizdə əcnəbilər çox idi. Bununla bağlı mənə sual veriləndə yerli futbolçuların çox olmasını istədiyimi deyirdim. Yaxud da uşaqlardan hansınınsa problemi olanda fikir bildirirdim. Buna görə Berti Foqtsla mübahisələrim olurdu. Bəli, məndən yaşlılar da vardı. Onların bəziləri nəsə deyirdi, bəziləri yox. Bu, lider keyfiyyətlərindən irəli gəlir. İndi milli komandada lider keyfiyyətli futbolçular yoxdur. Məsələn, siz heç vaxt Emin Mahmudovun əcnəbi futbolçularla bağlı nəsə dediyini eşidə bilməzsiniz. Amma bizim dövrümüzdə belə deyildi”.

O, indiki futbolçuların ağızlarına su alıb oturmalarından da şikayətlənib: “Rəşad Sadıqov, Mahir Şükürov, Samir Abasov, Kamran Ağayev, Əfran İsmayılov, Aslan Kərimov, Samir Əliyev həmişə öz sözlərini deyirdi. İndiki futbolçular ağızlarına su alıblar, heç nə danışmaq istəmirlər”.

Qeyd edək ki, Vaqif Cavadov 2006-2014-cü illərdə Azərbaycan millisində 57 oyun keçirib və 9 qol vurub.

Aytac Sahəd
İdman.biz