Ayxan Abbasov PSV və “Feyenoord”un düşərgəsində - FOTO

Xəbərlər
15 May 2024 19:13
264
Ayxan Abbasov PSV və “Feyenoord”un düşərgəsində - FOTO

“Turan Tovuz”un nümayəndə heyəti Niderlanda səfər edib.

İdman.biz xəbər verir ki, səfərin məqsədi beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq istiqamətindədir.

Klubun idarə heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçi Elnur Çodarov və akademiyanın koordinatoru Rasim Əliyev son Niderland çempionu PSV-nin düşərgəsində olublar. Eyndoven klubunun akademiyasının koordinatoru Mitç van Gellek prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimatdan sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər haqda geniş məlumat verib. Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak ediblər. Klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olan həmyerlilərimiz PSV-nin əsas komandasının baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx təqdim etdiyi prezentasiya ilə əsas komandanın məşqi və ümumi hazırlıq planları haqda geniş məlumat toplayıblar.

Səfərin ikinci günündə “Turan Tovuz”un nümayəndələri “Feyenoord”un qonağı olublar. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis qonaqlara akademiyanın iş prinsipləri, istedadlı uşaqların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları haqda məlumatları çatdırıblar. Buradakı infrastrukturla yaxından tanış olan Tovuz klubunun mütəxəssisləri komandanın məşqlərində iştirak etməklə lazımi məlumatlar əldə ediblər.

İdman.biz