Vüsal İsgəndərli: “Bu, psixoloji gərginlik yaratmır desəm, yalan olar”

Müsahibə
14 May 2024 17:11
275
Vüsal İsgəndərli: “Bu, psixoloji gərginlik yaratmır desəm, yalan olar”

“Bodrumspor” çətin rəqibdir. Liqada 2-3 fərqli sistemdə oynayan klubdan biridir. Məşqçimizin tapşırıqlarını yerinə yetirsək, növbəti mərhələyə çıxacağımıza çox inanıram”.

Bunu İdman.bizə “Boluspor”un futbolçusu Vüsal İsgəndərli deyib.

Azərbaycan millisinin şərəfini qoruyan 28 yaşlı oyunçu Türkiyə 1-ci Liqasında hədəflərini açıqlayıb. O bildirib ki, Bolu təmsilçisində “11-lik”də yerini itirməsindən və qol hesabını aça bilməməsindən məyusdur: “Komanda ilə təlim-məşq toplanışlarında iştirak edə bilmədim. Fiziki durumumda eniş olduğunu hiss edirdim. İndi əlavə hazırlıqla bunu aradan qaldırmağa çalışıram. Məşqçilər mənə dəstək olurlar. Qarşıdakı oyunda ilk “11 lik”də meydanda olacağam. Qol vurmamağım məndə psixoloji gərginlik yaratmır desəm, yalan olar. Yaradır desəm də, ağır olar. Hamı qol vurmaq istəyər. Son illərdə çox fərqlənirdim. İstər “Sumqayıt”, istər “Eqnatiya”, istərsə də “Keşlə” ilə “Keçiörəngücü”də. “Keşlə”də də oynadığım zamanı yarı mövsüm qol vurmamışdım. Amma sonrakı mövsüm komandaya rahat alışdım, daha fərqli Vüsal oldum. İndi də ona ümidim var. Mövsüm bitməyib. Ən kritik matçlarımız qalıb. Özümü yaxşı tərəfdən göstərmək üçün bu da bir fürsətdir”.

Qışda Albaniyanın “Eqnatiya” klubundan “Boluspor”a transfer olunan İsgəndərli bu qərarından peşman olmadığını da deyib: “Heç vaxt atdığım addımdan, getdiyim yerdən peşman olmamışam. Burda da özümü göstərəcəyimə inanıram”.

Qeyd edək ki, “Boluspor” “Bodrumspor”la pley-off matçına mayın 16-da çıxacaq.

Emin Ağa
İdman.biz