“Real” və Fransa millisinin futbolçusu Kilian Mbappe internetdə onun “diktator” obrazında yayılan memlərinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, o, bu paylaşımların bir tərəfdən əyləncəli göründüyünü, digər tərəfdən isə tarixi faciələrlə bağlı assosiasiyalar yaratdığını deyib:
“Bir tərəf adamı əyləndirir, çünki başa düşürsən ki, bəziləri üçün bütün bunlar sırf əyləncə naminə edilir. Lakin elə bir tərəfi də var ki, artıq o qədər də gülməli görünmür. Axı biz belə insanların tarixə nə qədər zərər vurduğunu bilirik”.
Mbappe real tarixi faciələr törətmiş şəxslərlə müqayisələrin absurd olduğunu vurğulayıb:
“İnsanları öldürən və ya milyonlarla insana bədbəxtlik gətirən adamlarla müqayisə etmək... Mən heç vaxt belə bir şey etdiyimi düşünmürəm. Odur ki, burada müxtəlif hisslərin qarışığı mövcuddur. Bir tərəfdən bilirəm ki, bütün bunlar yüngülqəlbliliklə edilir və çox uzağa getmir, lakin bəzən bu, insan şüurunun çatışmadığını nümayiş etdirir”.
