“Mançester Yunayted” “Mançester Siti” derbisi öncəsi yüzlərlə abunəliyi bloklayıb

11 Sentyabr 2026 18:51
75
“Mançester Yunayted” “Mançester Siti” derbisi öncəsi yüzlərlə abunəliyi bloklayıb

“Mançester Yunayted” “Old Trafford”da “Mançester Siti”yə qarşı keçiriləcək derbi öncəsi bilet möhtəkirlərinə qarşı mübarizə kampaniyasının nəticələrini açıqlayıb.

İdman.Biz xəbər verir ki, klub 1617 şübhəli hesabı yoxlayıb. Mövsümlük abunəlik qaydalarını pozduğu müəyyənləşdirilən 685 hesabla bağlı sərt tədbirlər görülüb.

Klubdakı mənbələrin sözlərinə görə, toplanan məlumatlar illərdir sədaqətli azarkeşlər hesabına gəlir əldə edən iri mütəşəkkil alverçi şəbəkələrini üzə çıxarmağa imkan verib.

Lakin rəhbərliyin bu addımı tribunada narazılıq yaradıb. “The 1958” azarkeş qrupu bazar günü keçiriləcək derbidən əvvəl etiraz aksiyası keçirəcəyini açıqlayıb. Fanatlar klubu inandırıcı sübutlar təqdim edilmədən cəzalandırılan günahsız azarkeşləri zərbə altında qoymaqda ittiham ediblər.

“Mançester Yunayted”dəki mənbələr isə bu ittihamları rədd edib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlar real vəziyyəti təhrif edir. Həmçinin 464 mübahisəli işin abunəlik sahibləri üçün heç bir nəticə olmadan həll edildiyi və onlara kompensasiya ödənildiyi vurğulanıb.

Araşdırmanın nəticələrinə əsasən, bloklanan 685 istifadəçidən 499-u klubun qərarından apellyasiya şikayəti verməyə çalışıb, lakin onların müraciətləri nəticəsiz qalıb. 73 abunəlik sahibi ümumiyyətlə şikayət etməyib, 113 nəfər isə məlumat təqdim olunması ilə bağlı sorğulara cavab verməyib.

Bununla belə, daha 464 azarkeşin işi araşdırıldıqdan sonra onlar yalnız xəbərdarlıq və ya daha yumşaq intizam tədbirləri ilə kifayətləniblər.

Klub isə qeyri-qanuni bilet dəllallarının sistemdən təmizlənməsinin nəticədə biletləri əsl futbolsevərlər üçün daha əlçatan edəcəyini vurğulayıb.

İdman.Biz