Şahin Diniyev: “Biz avrokubok hədəfi qoymamışdıq”

Xəbərlər
12 May 2024 22:23
125
Şahin Diniyev: “Biz avrokubok hədəfi qoymamışdıq”

“Bu gün “Sumqayıt”dan daha yaxşı futbol oynadıq. Çox razıyam, komandamın performansı məni razı salır”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”un baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIV turunda “Sumqayıt”a 1:2 hesablı məğlubiyyəti şərh edib: “Oyun olandan sonra nəticə də gələcək. 7-ci pillə də bizimçün nəticədir. Gələn il iddialı komanda olacağıq. Heyətimiz təmiz dəyişib. Bu gün də stabillik çatmadı. Bir oyun yaxşı, bir oyun pis oynadıq. “Sabah”la səfər oyununda, bu gün burada çoxlu qol imkanları yarada bildik. Stabillik bizi buralara gətirdi. Nikbinəm, komandam düzgün yoldadır. Futbolçularımla fəxr edirəm”.

Şahin Diniyev növbəti dəfə komandasının heyətindəki problemlər haqqında danışıb: “İki mərkəz müdafiəçisini görün nə qədər rotasiya etmişəm. Bu gün 4 mərkəz müdafiəçisi meydanda idi. Heyəti tapmaq üçün zaman lazımdır. 8 ayda bunları yerinə qoymaq çətindir. Yadınızdadırsa, demişdim, hədəf “altılıq”dır. Gələn mövsüm üç mövqeni düzəldə bilsək, daha etibarlı olacağıq”.

“Səbail”in baş məşqçisi komandasının bu mövsümdə “Sumqayıt”a 4 oyunda da məğlub olmasına izah verib: “Mən də sizə sual verim, səmimi olun. Bu gün hansı komanda güclü idi? Düşünürəm ki, “Səbail” güclü idi. Biz avrokubok hədəfi qoymamışdıq. Buna layiq olub-olmamaq başqa şeydir. Bu sözü komandaya demək olmaz. “Səbail” avrokuboklarda oynamağa layiq komandadır. Futbol faktı sevir. Düzdür, nəticələr ortadadır”.

Qeyd edək ki, “Səbail” 42 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz