Ayxan Abbasov: “Müdafiədə kobud səhvlər edirik”

Xəbərlər
28 Aprel 2024 20:11
126
Ayxan Abbasov: “Müdafiədə kobud səhvlər edirik”

“Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi”.

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının XXXII turunda “Neftçi”yə 0:3 hesablı məğlubiyyəti şərh edib: “Mövsümün sonu gəldikdə, gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır. "Neftçi" bizə ustalıq sayəsində qalib gəldi. Buraxdığımız qollar istəmədiyimiz dəqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. "Neftçi" birinci imkandan istifadə etdi, daha sonra penalti qərarı... Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik".

Ayxan Abbasov komandanın düşərgəsində olan problemlərdən danışıb: “Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. "Sumqayıt"la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz olmadı. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəldi. Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdır. Sadəcə elə qırmızı vərəqə almaq olmaz”.

Qeyd edək ki, “Turan Tovuz” 42 xalla 7-ci pillədə qərarlaşıb.

İdman.biz