Xorvatiyalı mütəxəssis:“Fikrimcə say artdıqca keyfiyyət aşağı düşəcək”

Xəbərlər
27 Aprel 2024 21:26
Xorvatiyalı mütəxəssis:“Fikrimcə say artdıqca keyfiyyət aşağı düşəcək”

“Futbolçularımı təbrik edirəm, çox yaxşı oynadılar. Ardıcıl üçüncü qələbəmizdir”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç “Səabil”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis XXXII turunda qazanılan 2:0 hesablı qələbəni şərh edib: “Oyunun əvvəlində bir az əsəbi idik. Çünki bu matç bizim üçün çox önəmli idi. Qələbəyə layiq idik. Heç vaxt hansısa oyunçunu fərqləndirməmişəm. Amma bu gün Yusuf İmanovu xüsusi qeyd edərdim. Möhtəşəm çıxış etdi. Digər futbolçular da hər şeylərini meydanda qoydular. Amma biz kor deyilik. Gördük ki, çoxlu texniki səhvlərə yol verdik. Son 6 oyunda ilk dəfə qol buraxmadıq. Bu qələbə ilə bizdən geridə olan rəqibləri təzyiq altına saldıq. Sabahdan etibarən növbəti oyun haqda düsünəcəyik”.

Krunoslav Renduliç daha yaxşı “Sabah” görmək üçün uzun müddət lazım olduğunu bildirib: “Bu, bir prosesdir. Mən bura gələndə hər şey mükəmməl deyildi. Heç bir məşqçi sehrbaz deyil, 2-3 aya problemləri həll edə bilməz. Mövsüm ərzində zədəlilərimiz çox olub. Hazırda yaxşı əhval-ruhiyyədəyik. Addım-addım irəliyə doğru getməliyik. Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir. Bilirik ki, çətindir. Amma buna cəhd edəcəyik”.

“Sabah”ın baş məşqçi Premyer Liqada klub sayının artırılmasının keyfiyyətə təsir edəcəyini qeyd edib: “Mənim fikrimcə say artdıqca keyfiyyət aşağı düşəcək. Eyni şeyi Bosniya və Herseqovinada gördüm. Azərbaycan, Avstriya, Sloveniya kimi ölkələr üçün komanda sayının az olması yaxşıdır”.

Qeyd edək ki, qələbə sayəsində “Sabah” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

İdman.biz