Adino Mustedanaqiç: “Azərbaycanda məşqçilərin futbolçuları səhv anlatdığını görürük”

Müsahibə
27 Aprel 2024 14:25
205
Adino Mustedanaqiç: “Azərbaycanda məşqçilərin futbolçuları səhv anlatdığını görürük”

“Sabah”ın U-19 komandasının xorvatiyalı baş məşqçisi Adino Mustedanaqiçin İdman.biz saytına müsahibəsi

- Azərbaycan çempionu titulunu qazandız. Bu yol asan, yoxsa çətin oldu?

- Liqada müxtəliflik var, yəni bütün komandalar fərqli oynayır, siz diqqətli və motivasiyalı olmalısınız. Qarşılaşmaya 100 faiz fokuslanmasanız, hər an oyun əldən gedə bilər. Sonra onu bərpa etmək çətindir.

- Qızıl medallar uğrunda əsas rəqibləriniz kimlər idi?

- Yadımda qalan məqamlardan biri "Araz-Naxçıvan”la ilk oyundur. 1:1 hesabı ilə davam edən matçda iki qırmızı vərəqə aldıq. Yaxşı oynayıb, oyunun son saniyəsində qol vurmağı bacardıq. “Qəbələ”, “Səbail”, “Neftçi” və “Qarabağ”la mübarizələr çox maraqlı keçdi. Bütün rəqiblərimizdən xal aldığımız üçün komandamla fəxr edirəm.

- Sizcə, gənc futbolçularımızın səviyyəsi necədir?

- Azərbaycanlı futbolçular çox intensiv oynayırlar, bu, yaxşı haldır. Problem bu tempi 90 dəqiqə saxlamaqdadır. Yaşı 15-dən aşağı olan oyunçuların istedadı və oyunu demək olar ki, eyni səviyyədədir. Bunu bir daha mayda Antalyada keçiriləcək turnirdə yoxlayacam. Həmin vaxt U-14 və U-15 komandalarımız dünyanın hər yerindən olacaq güclü rəqiblərlə turnirdə mübarizə aparacaq.

- Bəs ölkəmizdə uşaq futbolunda əsas problemlər nədədir?

- Problem və ya daha dəqiq desək, inkişafın azalması uşaqların böyük meydanda 11 nəfərlə oynadıqları andan başlayır. "Sabah"da apardığımız təhlilə əsasən belə qənaətə gəlmişik. Yarım meydanda 7 oyunçudan bütöv meydana 11 nəfərlə keçid bəzən kimlərinsə performansının düşməsinə səbəb olur. Oyunçuların sayının və meydançanın ölçüsünün tədricən artırılması bu uyğunlaşmanı təmin edə bilər. Məsələn, U-12-də 9 futbolçu ilə oynamaq. Bu, futbolun inkişafı üçün düzgün kontekst yaradacaq. Digər problem məşqçilərlə bağlıdır. Futbol ünsiyyətin ən böyük əhəmiyyət kəsb etdiyi komanda idman növüdür. Problemləri kollektiv şəkildə həll etmək bacarığıdır. Siz fərdi idman növləri üzrə çox istedadlı xalqsınız. Orada çoxlu medallar qazanırsınız. Hətta futzalda da əla nəticələr var. Lakin futbolda uşaqların komanda ilə ünsiyyətində fərdi xüsusiyyətlərinə və top bacarıqlarına çox güvəndikləri üçün onların qərar qəbul etmə qabiliyyəti aşağı düşür. Adətən insanlar ünsiyyəti taktika ilə səhv salırlar, lakin taktika sadəcə oyunu inkişaf etdirmək üçün bir vasitədir. Məşqçilərin ünsiyyət yaratması üçün edə biləcəyi daha çox şey var. Digər məsələ qərar vermə qabiliyyətidir. Futbolda adi gözlə görə biləcəyimizdən daha çox şey var. Aparılan araşdırma göstərir ki, 80 faizdən çox səhv ötürmələr, səhv qərarlar səbəbindən olur və məşqçi buna müdaxilə edə bilmir. Biz hətta çalışdırıcıların oyunçulara nə etməli olduqlarını səhv anlatdığını görürük. Oyun zaman məşqçi susmalıdır. Ancaq məşqçinin bilik və bacarığı olmalıdır ki, onu oyunçuya ötürə bilsin. Uzun sözün qısası, məşqçi təhsilində ünsiyyət və qərar vermə qabiliyyətinin nə olduğu, onların futbolda yeri və futbol fəaliyyətinin təkcə topa vurmaqdan ibarət olmadığı vurğulanmalıdır.

- Bunlardan başqa çatışmazlıq yoxdur?

- Zəif infrastruktur səbəbindən oyunçular pis meydançalara və artan zədələrə məruz qalırlar ki, bu da avropalı uşaqlarla müqayisədə məşq vaxtını azaldır. Gənc futbolçuların çoxunun yediyi yeməkdən razı deyiləm. Qidalanmada zülal azdır və onların əzələ kütləsi çox aşağıdır. Xarakter baxımdan hiss edirəm ki, gənclər üçün futbol kontekstinin inkişafı yaxşı deyil. Bu istedadların məşqi, ən güclünün sağ qalmasıdır. Çox şey daim dəyişir və oyunçular şüursuz olaraq əsasən özlərini qısamüddətli hədəflərə fokuslayırlar. Onlar komfort zonasında qalmağı seçirlər. Azərbaycan futbolunda hamımızın əsas işindən biri gənc futbolçuları narahat vəziyyətlərə salıb, çətinliyə alışdırmaqdır. Bu özü ilə inkişafı gətirə bilər.

- Azərbaycanda gələcəkdə işləyəcəyiniz klublara və ya Xorvatiyanın digər klublarına məsləhət görə biləcəyiniz uşaqlar var?

- Bəli, Azərbaycanda maraqlı oyunçular çoxdur. Biz hər il onlardan bəzilərini Zaqreb “Dinamo”suna göndəririk ki, nə qədər inkişaf etdiyimizi görək və bu klub da həmişə onlardan razı qalır. Hətta sənədləşmə işləri aparılsaydı, onları komandalarında saxlayardılar. Bir az böyükyaşlı uşaqlarda Avropa klubları onların hansı oyunlarda meydanda olduğuna diqqət yetirir. “Dinamo” və digər böyük Avropa klubları isə ən çox futbolçunun Avropa Liqalarında və milli komandasında oyunudur.

- “Sabah” avrokuboklarda ölkəmizi təmsil edəcək. Uğurlu olmaq üçün nələr etməyi düşünürsüz?

- UEFA Gənclər Liqasının olması AFFA Gənclər Liqasına əlavə intriqa qatır. Ona görə də hamı həmin çempionat qalib gəlmək istəyir. Çünki hamı Avropada çıxış etməkar zusundadır. Biz Azərbaycanı ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq və düşünürəm ki, buna hazırıq. Təbii ki, məsuliyyətimizi dərk edirik. Amma real olaraq, bəzi oyunçularımız üçün bu, Avropada ilk oyun təcrübəsi olacaq. İstəyirik ki, maksimumlarını göstərsinlər.

Emin Ağa
İdman.biz